Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti 100 dolları ötüb.
Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 1,8 dollar və ya 1,8% artaraq 100,53 ABŞ dolları təşkil edib. Ötən gün Azərbaycan nefti dünya bazarında 98,73 ABŞ dollarına ticarət edilib.
Mövzu ilə əlaqədar iqtisatçı ekspert Natiq Cəfərli “Operativ Media”ya açıqlama verib.

O bildirib ki, “Brent” markalı neftin qiymətinin 95 dollara yaxınlaşması Azərbaycan neftinin qiymətinin də artmasına səbəb olub:
“Əslində, Azərbaycan nefti ayrıca dəyərləndirilmir, dünya birjalarında neftin ümumi qiyməti artdıqca Azərbaycan neftinin də qiyməti yüksəlir. Amma bizim neftimiz daha keyfiyyətli olduğundan, xüsusilə etalon sayılan Brent markalı neftdən daha baha satılır və onun qiymətinin 95 dollara yaxınlaşması da Azərbaycan neftinin qiymətinin artmasına səbəb olub”.
Ekspertin sözlərinə görə, hər bir dollar artım Azərbaycana əlavə günlük 400 000 dollar əlavə vəsait gəlməsi deməkdir:
“Təbii ki, neft qiymətləri nə qədər çox artırsa, Azərbaycanda bir o qədər çox valyuta gəlir və bu, gəlirlərinin artması nöqteyi nəzərindən Azərbaycan üçün pozitivdir. Amma burada bir önəmli məsələ var ki, neft qiyməti artdıqca hökumətin dərin köklü islahatlara getmək həvəsi azalır və burada bir korrelyasiya, asılılıq mövcuddur. Bu nöqteyi nəzərdən hökumət arxayınlaşmamalıdır, başlanılan islahatları davam etdirilməli, daha köklü hala gətirməlidir.
N.Cəfərli əlavə edib ki, iqtisadiyyatın şaxələndirilməsi yolunda daha ciddi addımlar atılmasına ehtiyac var və bu ehtiyac neftin qiyməti bahalaşdıqca azalmamalıdır.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dollar qeydə alınıb.
Sevinc İbrahimzadə