Hindiba qəhvəsinin faydaları nələrdir?
Bir çoxları adını yeni eşitsə də, bəziləri hindiba ( və ya zəncirotu) qəhvəsindən istifadə edib. Tərkibində kofein olmayan bu qəhvəni alıb içənlər məmnun qaldıqlarını bildiriblər. Maraqlısı budur ki, qəhvənin tərkibində kofeindən istifadə olunmur.
Bəs hindiba qəhvəsinin hansı faydaları məlumdur?
Qida texnoloqu Ağa Salamov “Operativ Media”ya bildirib ki, kofeinsiz olduğuna görə orqanizmə, xüsusilə qaraciyərə daha faydalıdır:
“Lakin çox istifadə edildiyi zaman mədədə qıcqırma yarada bilər. Xüsusilə qastriti olanlar, mədə ağrılarından, onikibarmaq bağırsaqdan əziyyət çəkənlərə bu kofeni içmək olmaz. Eyni zamanda uşaqlar, hamilə və süd verən qadınlar, yüksək qan təzyiqindən əziyyət çəkənlər həkimlə məsləhətləşmədən hindiba qəhvəsindən istifadə etməməlidirlər. Hərçənd bu içki qan-damar sisteminə çox təsir göstərmir, lakin həkim məsləhəti vacibdir”.
Hindiba qəhvəsinin apteklərdən daha çox müəyyən firmalar tərəfindən satılması ilə bağlı mütəxəssis qeyd edib ki, burada müəyyən qədər monopoliya da ola bilər:
“Əslində, bunun səbəbi tam olaraq bəlli deyil. Lakin yaxşı olardı ki, belə məhsuların satışı apteklərdə həyata keçirilsin. Çünki ən azından apteklərdə tibbi biliyi olan əczaçılar var və onlar kimə nəyin məsləhətli olub-olmadığı barədə məlumatlıdırlar”.