Yanvarda Rusiya xaricə 14,6 milyon ton kömür satıb. Bu, bir il əvvəllə müqayisədə 8% azdır.
"Operativ media" xəbər verir ki, bu barədə Rusiyanın Energetika Nazirliyi məlumat yayıb.
Ay ərzində ölkədən təqribən 11,9 milyon ton istilik kömürü (-8,2%) və 2,7 milyon ton kokslaşan kömür (-8%) ixrac edilib.
Yanvarda demək olar ki, bütün əsas idxalçılar Rusiya kömürünün alışını azaldıblar. Belə ki, bu dövrdə Hindistan və Türkiyəyə tədarük müvafiq olaraq 55% və 47% azalaraq 1,4 milyon tona düşüb. Bu dövrdə Çin Rusiyadan 3,8 milyon ton kömür alıb ki, bu da ötən illə müqayisədə 10,5% azdır. Cənubi Koreyaya ixrac üçdə bir azalaraq 472 min tona düşüb.
Yaponiya isə Rusiyadan enerji alışını, demək olar ki, tamamilə məhdudlaşdırıb. Bu istiqamətdə tədarük 60 dəfədən çox azalaraq 14 min tona düşüb. 2023-cü ilin yanvarında 453 min ton olmasına baxmayaraq, Mərakeşə bir dənə də olsun Rusiya kömür tədarükü olmayıb.






