“Yelo Bank” kartdan karta köçürmələrə (card to card) məhdudiyyət tətbiq etməyə başlayır.
"Operativ Media" "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, həm "Yelo Light", həm "Premium", həm də "Infinite" kart sahibləri ay ərzində kartdan-karta 3 min manatdan artıq pulsuz köçürmə edə bilməyəcəklər.
Eyni limit Yelo ATM-lərindən komissiyasız nağdlaşdırmaya da şamil edilir. “Card to card” limitləri aprel ayının 8-dən etibarən tətbiq ediləcək.
Qeyd edək ki, bir qədər əvvəl, yəni bu ilin mart ayında "Azər Türk Bank" da “card to card ” əməliyyatlarına məhdudiyyət tətbiq etməyə başlayıb. ATB “card to card” üzrə günlük 15 dəfə, ay ərzində isə 60 əməliyyat limiti müəyyən edib.
Xatırladaq ki, "Yelo Bank"ın əsası 1994-cü ildə qoyulub. Onun nizamnamə kapitalı 378 milyon manatdır. Bankın səhmlərinin 98,94%-i Marina Kulişovaya (Bankın Müşahidə Şurasının sədri), 0,96%-i Anar Həsənova (İdarə Heyətinin sədri), 0,10%-i isə "İSR Holdinq” MMC-yə məxsusdur.






