Azərbaycanda ərzaq qiymətlərində ucuzlaşma var.
“Operativ Media” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
Belə ki, bu ilin yanvar-mart aylarında ölkədə qida məhsullarının qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə enib.
Bəs ucuzlaşan qidalar hansılardır?
Satıcılar deyir ki, yumurta və duru yağdan başqa heç bir məhsulda qiymət dəyişməyib:
“Hal-hazırda son 10-15 gündə ucuzlaşma müşahidə olunan yumurtadır. 16 qəpikdən 13 qəpiyə enib. Başqa məhsullardan isə Rusiyanın istehsal etdiyi duru yağlardır ki, 5 litrinin qiyməti 14,5 -14 manata olurdu, indi isə 12 manat 20 qəpiyədir. Ehtimal olunur ki, 1-2 gün ərzində 10 faiz də aşağı düşsün. Digər məhsulların qiymətində isə nə artım, nə də azalma müşahidə olunur".
İqtisadçı Xalid Kərimli deyir ki, dünyada ərzaq qiymətləri indeksinin son 1 ildə 9,9 faiz enməsi Azərbaycanda da bəzi məhsulların qiymətinə təsir edib:
“Ərzaq qiymətlərində ötən illə müqayisədə müəyyən pozisiyada ucuzlaşma var. Yanvar-mart ayının statistikasına baxsaq, Statistika Komitəsinin açıqladığı məlumata görə, yumurtanın qiymətində 2.7 faiz ucuzlaşma müşahidə olunur. Un məhsullarında təqribən 0.2 faiz ucuzlaşma var. Un və Bitki yağları üzrə ötən ildə müşahidə olunan ucuzlaşma davam edir. Bəzi qidalar isə bahalaşıb. Xüsusilə mövsümi tərəvəzlər və ötən ildən saxlanan qidaların qiyməti artıb".Onun sözlərinə görə, il ərzində bəzi yağlar, o cümlədən, un məmulatları və ət məhsulları ucuzlaşa bilər. Ümumilikdə isə 2024-cü ildə ciddi bahalaşma gözlənilmir.