Heyvanlardan insanlara hansı xəstəliklər yoluxa bilər?

Ev heyvanlarından bəzən insanlara müəyyən riskli xəstəliklər yoluxa bilir. Belə xəstəliklərə “zoonoz” xəstəliklər deyilir və bəziləri ciddi təhlükələr yarada bilər. Bu xəstəliklər bakteriya, virus, parazit və ya göbələk kimi mikroorqanizmlər vasitəsilə yayılır.
Mövzu ilə əlaqədar infeksionist-həkim Sadiqə Əliyeva “Operativ Media"ya bildirib ki, heyvan məhsulu olan qidalardan da insanlara keçən xəstəliklər həddən artıq çoxdur:
“Bunlardan biri "bruselloz"dur ki, yoluxmuş heyvanın tam bişməmiş əti və yaxud çiy südü və ya tam qaynadılmamış südündən insana yoluxa bilir. Həmçinin "qarayara" xəstəliyi də bunlardan biridir. "Qarayara"nın dəri, ağciyər və bağırsaqları zədələyən formaları mövcuddur və mal-qaradan keçən xəstəliklərdəndir. Bunlardan başqa xüsusilə ev quşlarının yaxşı bişməmiş yumurtası vasitəsilə "salmonella"ya yoluxmaq mümkündür. "Toksoplazmozis" isə xüsusilə pişiklərin nəcisində yaşayır və həmin nəcis kütləsi nəyəsə bulaşdığında bilmədən də yoluxma mümkün ola bilir. İtlərin bağırsaqlarında yaşayan "exnokok" adlanan qurd yumurtaları vasitəsilə də insanlar zoonoz xəstəliklərə yoluxa bilər”.
Qeyd edək ki, 7 iyun 2024-cü il tarixində Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini “Qarayara” diaqnozu şübhəsi ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar. Ərazi üzrə Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi, Zaqatala Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Faldarlı kəndində müvafiq tədbirlər görülüb və bu xəstəliyin ocağı lokallaşdırılıb və yeni yoluxma halları qeydə alınmayıb.
Sevinc İbrahimzadə