Bir çox heyvan sahibi onları qısırlaşdırmaqdan da qorxur ki, birdən heyvana zərər verər və ya onun ömrünü qısaldar.
Bəs ev heyvanlarının qısırlaşdırılması onlara mənfi təsir edə bilər?
Bu barədə veterinar həkim İlkin Qəmbərli “Operativ Media"ya açıqlamasında danışıb.
O bildirib ki, qısırlaşdırma protokolla təsdiqlənmiş və məsləhət görülən bir prosedurdur:
“Belə ki, ev heyvanları arasında daha çox pişikləri qısablaşdırmağa üstünlük verilir. Əsasən, erkək pişiklər yetkinliyə çatan dövrlərdə öz ərazilərini işarələmək üçün qapının tininə, çöl qapıya, divanın bir küncünə xırda-xırda sidik ifraz edirlər və bunun nəticəsində evdə çox pis qoxu yaranır. Bu qoxu o dərəcədə tünd ola bilir ki, binanın beşinci mərtəbəsində biri pişik saxlayırsa, bu hətta binanın girişindən hiss olunur. Dişi pişiklər isə qızğınlıq dönəminə çatanda aqressiv olurlar, onlarda xarakter dəyişikliyi olur, müəyyən spesifik səslər çıxardırlar ki, bu da insanları narahat edir. Həm də qızğınlıq dönəmində heyvanlar evdən qaçırlar və evə öyrəşmiş heyvan evdən qaçanda bu, birbaşa təhlükənin qucağına atılmaq deməkdir. Bəzən də olur ki, yüksək mərtəbəli evlərdə yaşayan insanların saxladığı heyvanlar pəncərədən tullanarkən hündürlüyü nəzərə almırlar, onların bunu dərk edəcək şüuru yoxdur, nəticədə tələf ola, şikəst ola bilir, ağır travmalar ala bilirlər”.
Veterinarın sözlərinə görə, heyvanlar qısırlaşdırılmadıqda onlarda stress faktoru yaranır ki, bu başqa xəstəliklərin də yaranmasına səbəb olur:
“Əgər heyvan stresdədirsə, daim qızğınlıq dönəmi keçirir və cütləşdirilmirsə, o, yeməkdən imtina edə bilər. Günlərlə yemək yemədikdə heyvan zəifləyir və immun sistemi aşağı düşür, xəstəliyə yoluxma ehtimalı yaranır. Xəstəliyə yoluxanda digər ikincili, üçüncülü infeksiyalar da baş qaldıra bilir. Qısırlaşdırılanda isə bu məsələlər aradan qaldırılır, hətta dişilərin qısırlaşdırılması gələcəkdə yumurtalıqda kistanın, balalıqda miomanın, piometriyanın, süd vəzisində şişlərin və dişi cinsi sisteminə aid olan xəstəliklərin aradan qaldırılması cəhətdən bir növ sığortalanmaya səbəb olur. Erkəklərdə də cinsi orqanına aid olan xəstəliklərdən heyvanları sığortalamış olur”.
İ.Qəmbərli əlavə edib ki, qısırlaşdırmanın mənfi təsirləri də var:
“Erkəklərdə qısırlaşdırmadan sonra sidik-cinsiyyət sistemi xəstəliklərinə qarşı bəzi həssaslıq yaranır, sistitə meyillilik artır və ümumi götürdükdə heyvanlarda hormonal disbalans yaranır, kökəlməyə meyil artır. Piylənmədən əziyyət çəkən heyvanların ürəyində qüsurlar, böyrəklərində problemlər yarana bilir. Buna görə də heyvan sahiblərindən xüsusi diqqət tələb olunur. Qısırlaşdırılmış heyvanlar üçün müəyyən yeməklər var ki, onlar hormonal balansı qorunur”.
Sevinc İbrahimzadə






