Avtomobilin mühərriki onu hərəkətə gətirmək üçün əsas qurğulardan biridir və onda baş verən texniki nasazlıq sonradan böyük problemlərə yol aça bilər. Bəzi maşınların mühərriki çox qızdırdıqda sıradan çıxır ki, bu da sürücüyə əlavə xərc yaradır.
Bəs mühərrikinin qızmaması üçün nə etmək lazımdır?
Bu barədə avtomobil eksperti Sərxan Qədirov “Operativ Media"ya bildirib ki, bu, avtomobilin su sisteminin, radiator və onun hissəciklərinin nəzarətsiz qalmasından qaynaqlanır:
“Su sistemində sızma olduqda o, birbaşa olaraq buxar halına çevrilir. Bəzi hallarda avtomobilin altından su damdığını görmək belə mümkün deyil və belə olduqda yavaş-yavaş su azalır ki, bu da mühərriki qızdırır. Eyni zamanda termostatda olan problemlər də eyni cür nəticələnə bilir. Termostat avtomobildə temperatur dərəcəsi 90-95-i ötdükdən sonra açılır. Avtomobilin su sistemində olan iki növ soyuducu sistemini var ki, biri böyükdür, digəri kiçik. Avtomobili işə salıb hərəkət etdikdə kiçik dövriyyə olur. Lakin temperatur 90-dan çox olduqda böyük dövran başlayır və radiatora su gedir. Pərin iştirakıyla radiatordakı su soyumağa başlayır və mühərrikə aşağı temperaturda su daxil olur ki, bu da avtomobilin qızmasının qarşısını alır. Termostatın açmamağı belə avtomobilin qızdırmasına yol aça bilir”.
Ekspert əlavə edib ki, sürücülərin 3 və ya 4 gündən bir avtomobilin mühərrik sistemini açıb su dərəcəsinə baxması lazımdır:
“Əsasən BMW markalı avtomobillərdə su sisteminə hava düşməsi onun gələcəkdə ani bir şəkildə qızmasına gətirib çıxara bilər. Buna görə də suyu yoxlamaq üçün soyuq mühərrərikə, yəni səhər tezdən avtomobili işə salmamışdan əvvəl ehtiyac varsa, su əlavə etmək, suyu yetərincədirsə, sadəcə olaraq avtomobili işə salmaq lazımdır. Bəzi maşın ustaları termostatı açıq şəkildə saxlayırlar, onun içini ləğv edirlər. O zaman suyun daha böyük dövrdə serkulyasiyası baş verir ki, bu da mühərrikin tam qızmamasına səbəb olur".
Sevinc İbrahimzadə






