“İstirahət mərkəzlərindəki hovuzlar təhlükə mənbəyidir” - Həkim
“Hovuzu yazda doldururlar, payıza qədər o su qalır. Hansı istirahət mərkəzinə gedirsən eyni mənzərədir”.
“Operativ Media”nın qaynar xəttinə yazan oxucular istirahət mərkəzlərində olan hovuzlardan şikayətçidir.
Elnur Əliyev adlı oxucu iddia edir ki, əksər istirahət mərkəzinin suyu ya bulanıq, ya da çox xlorlu olur.
“Mən bir neçə istirahət mərkəzindən soruşdum ki, suyu neçə gündən bir dəyişirsiniz? Onlar bildirdilər ki, yazda hovuz dolur xüsusi dərmanlarla payıza qədər təmiz saxlayırlar. Suyu aydın olan hovuzlarda da xlor o qədər olur ki, göz açmaq olmur”.
Paytaxtda fəaliyyət göstərən üzgüçülük klublarından birinin meneceri Tərlan Qurbanov isə deyir ki, onun fəaliyyət göstərdiyi hovuz müntəzəm şəkildə yoxlanılır. Tərlan Qurbanovun sözlərinə görə, ayda 4 dəfə, həftədə 1 dəfə olmaqla aidiyyəti qurum tərəfindən hovuza nəzarət-yoxlanış həyata keçirilir:
“Bu proses, gigiyena və sağlamlıq baxımından bütün açıq və qapalı hovuzlarda aparılmalıdır. Eyni zamanda müəssisə sahibləri də müştərilərdən sağlamlıq haqqında arayış tələb etməlidirlər. Hovuzumuzda 24 saat ərzində dayanmadan özünü təmizləmə funksiyası daşıyan sistem var. Hər gün səhər-axşam xlor vurulur. Daha çox xlora üstünlük veririk ki, yay aylarında müştərilər çox olur. Qapalı hovuzlarda arayış alırıq. Açıq hovuzlar üçün isə bu tələb yoxdur”.
Dermatokosmetoloq Ramil Qocayev isə bildirir ki, son vaxtlar infeksion, parazit dəri xəstəlikləri, xüsusilə göbələk xəstəliyinin artımı müşahidə olunur. Analiz aparıldıqda da əksəriyyətinin ictimai hovuzlardan daha çox istifadə etdikləri müəyyən olunur:
“Ən çox müraciət göbələk xəstəlikləri ilə bağlı olur. Dəri mikrozları son vaxtlar çox artıb. Hətta bəzən elə olur ki, 5 aylıq müalicə lazım olur. Müəyyən nəticə olur, sonra görürük ki, xəstəlik yenə yaranır. Ona görə də uzunmüddətli müalicə lazımdır. Xəstəliklərin olmaması üçün əsas məsələ sanitar-gigiyenik qaydalara əməl etməkdir. Hovuzların filtrasiya üsullarında daha çox xlordan istifadə olunur ki, bunun da suda miqdarının artırılması dəri xəstəliklərinə və allergik reaksiyalara gətirib çıxara bilər”.
Məsələ ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, hazırda fəaliyyət göstərən istirahət mərkəzləri sahibkarlıq subyektləri olduğu üçün qanuna əsasən bu müəssisələrdə yoxlamalar həyata keçirilir. İstifadədən öncə vətəndaşlar həmin müəssisənin rəhbərliyindən hovuzun istismarına dair gigiyenik tələblərin gözlənilməsini təsdiqləyən müvafiq sənədləri tələb edə bilərlər. Bura həmin hovuzun sanitariya norma və qaydalarına uyğunluğu barədə müvafiq dövlət qurumunun rəyi, mütəmadi aparılan suyun laboratoriya müayinə nəticələri haqqında məlumatlar və gündəlik həyata keçirilən istehsalat nəzarəti ilə bağlı işlər aiddir.