Artıq kredit götürərkən zamin tələb olunmayacaq
Banka kredit üçün müraciət etdikdə bir çox hallarda zamin tələb olunur. Amma zaman keçdikcə insanlar bir-biri üçün zamin olmaqdan da çəkinirlər. Çünki vətəndaş vəfat etdikdə və ya krediti ödəmədikdə çətinlikdə qalan məhz zaminlər olur. Artıq bu problemin həlli üçün də addımlar atılır. Belə ki, istehlak krediti götürən fiziki şəxslərin həyatının sığortalanması nəzərdə tutulur.
Bu yenilik bank sistemində və kredit sahəsində hansı dəyişikliklərə səbəb olacaq?
“Operativ Media”ya açıqlama verən iqtisadçı Rəşad Həsənovun sözlərinə görə, bu yenilik zaminliyə tələbi xeyli azaldacaq:
“Bu proses zaminlərin sayının azalmasına, dolayısı ilə, bankların müştəri kontingentinin daha da genişlənməsinə gətirib çıxaracaq. Bu gün mövcud əsas problemlərdən biri kimi bank sektorunda izafilikliyin də qismən təsirlərinin aradan qaxlmasına gətirib çıxarda bilər. İkincisi, sığorta bazarının genişlənməsinə töhfə verə bilər. Digər bir tərəfdən isə, burada bankların ümumi kredit xərcləri aşağı düşəcək”.
Sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov isə qeyd edir ki, bu layihə bir tərəfdən könüllüdür, digər tərəfdən isə bank tərəfindən tələb olunur. Əgər sığortanız yoxdursa, kredit əldə edə bilmirsiniz:
“Gələcəkdə baş verən məsələn zaminlik anlayışını insan orqan və toxumalarının müəyyən qisminin itirilməsi, və yaxud da ölüm halı zamanı, həyat sığortası kreditlərin qismən və ya tam yəni ölüm halında tam bağlanmasının özündə ehtiva edir. Zaminliklə bağlı bankların problemlərinin aradan qaldırılması ilə bağlı məsələlərdə daha yaxşı formada köməklik edəcək”.