Təmirsiz mənzilə görə “komendant” pulu ödənməlidir?
Nərmin Qocamanlı
“Azərbaycanda MTK-lar istəyir ki, satdıqları mənzildən ömürlük pul qazansınlar. Vətəndaşlardan heçbir əsası olmadan əlavə pul yığılır”.
Bunu “Operativ Media”ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyib.
Ekspertin sözlərinə görə, sakinlərdən binanın saxlanmasına görə tələb edilən pul qanunsuzdur və buna görə tez-tez məhkəmə çəkişmələri olur:
“Hazırda bizim bir şikayətçimiz var. 3 ildir ki, mənzili alıb yaşamayıb. Təmirsiz mənzili indi satışa çıxarıb. MTK deyir ki, 5 min manat borcu ödəməsəniz, işıq, su verilməyəcək. Əgər vətəndaş mənzildə yaşamayıb, binanın heçbir xidmətindən istifadə etməyibsə, niyə bu qədər pul ödəməlidir? Bu məsələ illərdir ki, qalıb. Çox təəssüf ki, həll edilmir”.
Ekspertin sözlərinə görə, MTK-ların topladığı pul hara xərclənməsi ilə bağlı hesabatl aparılmır. Məbləğin nə qədər təyin edilməsi də özlərinin qərarı ilə icra olunur.
“Qanunvericilikdə tikilib təhvil verildikdən sonra bina sakinləri toplaşaraq Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qurmalı və binanın idarəetməsini öz üzərlərinə götürməlidirlər. Hazırda Bakı şəhərində 2000-dən artıq çoxmənzilli yeni binalar tikilərək vətəndaşlara təhvil verilib. Lakin onlar arasında heç 200 bina Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qurmayıb. Burada söhbət əslində böyük pullardan gedir. Hər binadan minlərlə manat pul yığılır”.