Menyu

Bayram süfrəsi vətəndaşa neçəyə başa gəlir ?

Bayram süfrəsi vətəndaşa neçəyə başa gəlir ?

Milli Məclisin deputatı Tahir Rzayev “Operativ Media”ya bildirib ki, bayramlar ərəfəsində, xüsusən də Yeni il zamanı qiymətlərin süni şəkildə artması nəinki ərzaq məhsullarında, həm də kənd təsərrüfatı məhsullarında müşahidə edilir. Bu da insanları narahat edir: “Bunun səbəbsiz olmadığını başa düşmək olar. Çünki bayramlar ərəfəsində vətəndaşların həm ərzaq, həm də kənd təsərrüfatı məhsullarına olan tələbatı xeyli artır. İnsanlar bayramı yüksək əhval-ruhiyyədə keçirmək üçün süfrələrini daha yaxşı etmək istəyirlər.

Ancaq belə vəziyyətdən müəyyən işbazların sui-istifadə etməsi yolverilməzdir. Əslində, bayram ərəfəsində qiymətlərin endirilməsi daha humanist və vətəndaşları sevindirən bir addım olardı. Axı bayram günlərində vətəndaş bazara gedib ürəyi istəyən məhsulu almaq istəyir. Lakin süni bahalaşma səbəbindən alış-veriş səbəti boş qala bilir. Nəticədə, bəzi insanlar bayramlarını ürəkləri istəyən kimi keçirə bilmirlər”.

Tahir Rzayev bildirib ki, bu sahədə müəyyən nizam-intizam yaradılmalıdır: “Bu, sözsüz ki, dövlətin birbaşa vəzifəsi deyil, çünki bazar iqtisadiyyatı sərbəst ticarət prinsipinə əsaslanır. Amma müəyyən tədbirlər, məsələn, yarmarkaların təşkili, onlara nəzarət, maarifləndirici tədbirlərin keçirilməsi və sahibkarlarla danışıqlar aparılması vacibdir. Azərbaycan xalqı humanist xalqdır və öz bayramlarını yüksək qiymətləndirir. Əgər bu istiqamətdə söhbətlər aparılsa və vətəndaşların tələbatı nəzərə alınsa, bazarda bu qədər bahalaşma olmaz və işbazlar da öz əməllərindən çəkindirilər.

Azərbaycan xalqı son illərdə bayramlarını daha yüksək əhval-ruhiyyədə keçirir. Çünki torpaqlarımız azaddır, işğaldan azad olunmuş ərazilərimizdə möhtəşəm işlər görülür. Xüsusilə sevindirici haldır ki, öz yurdlarından didərgin düşən soydaşlarımız artıq ata-baba yurdlarına qayıdıblar. Bir çoxları Yeni ili ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilərdə qeyd edəcək.

Belə bir vaxtda insanlara qayğı göstərmək, onların tələbatını ödəmək hər birimizin borcudur. Bayramlar bizim ən əziz günlərimizdir və bu günləri yüksək təmtəraqla, səmimiyyətlə keçirməli, düşmənlərimizi sevindirməməliyik”.

İqtisadçı Elçin Rəşidov bayram süfrəsinin vətəndaşa neçəyə başa gəldiyinə aydınlıq gətirib. Ekspert bildirib ki, bu qiymət ailənin maddi imkanından asılı olaraq dəyişir:

“Yeni il bayramı süfrəsi, bir çox ailələrdə xüsusi ənənələrdən biridir və adətən zənginliyi ilə fərqlənir. Bu süfrədə müxtəlif yeməklər, şirniyyatlar və içkilər təqdim olunur. Bəzi yeməklər SSRİ dövründən qalma klassiklərdir. Məsələn, “Paytaxt” salatı, “Şuba” salatı bayram süfrəsinin ayrılmaz hissəsidir. Əksər ailələr bayramda bu yeməkləri hazırlayır. Yeni il süfrəsi ailələrə əlavə xərclər yarada bilər. Bu, əsasən ailənin böyüklüyündən, süfrənin tərtibatından və seçimlərdən asılıdır. Ailə üzvlərinin sayı nə qədər çox olarsa, xərclər də bir o qədər yüksək olur. Bundan əlavə, bəzi ailələr süfrəni daha təmtəraqlı hazırlamağı üstün tuturlar. Belə hallarda süfrədə bahalı qidalar, içkilər və hətta xüsusi bəzədilmiş dekorlar yer alır ki, bu da ümumi xərcin artmasına səbəb olur.

Digər tərəfdən, sadəlik tərəfdarı olan ailələr üçün Yeni il süfrəsi daha münasib büdcə ilə təşkil olunur. Bu ailələr adətən gündəlik yeməklərini bayrama uyğun şəkildə təqdim etməklə kifayətlənir və əlavə xərc çəkmirlər.

Orta statistik məlumatlara görə,Yeni il süfrəsi üçün ailələr minimum 100-200 AZN əlavə xərc çəkir. Bu məbləğ daha təmtəraqlı süfrə istəyən ailələrdə büdcədən asılı olaraq daha yüksək olur. Bu ailənin maddi imkanlarından asılı olaraq dəyişir. Əlavə olaraq, bayram ərəfəsində ərzaq qiymətlərinin artması da ailə büdcəsinə təsir göstərir”.

Teqlər:

"Bayram s\u00fcfr\u0259si v\u0259t\u0259nda\u015fa ne\u00e7\u0259y\u0259 ba\u015fa g\u0259lir ?"

Əlaqəli Xəbərlər