“Telegram” messenceri öz reklam platforması olan “Telegram Ads” çərçivəsində daha bir yeniliyə imza atıb.
Operativ Media xəbər verir ki, bu yenilik “Telegram Ads” platformasının funksional imkanlarını daha da artırmaqla yanaşı, brendlərin daha geniş auditoriyalara çıxışını təmin edəcək.
Telegramın təqdim etdiyi yeni reklam formatı vasitəsilə reklamverənlər kanalları, fərdi paylaşımları, mini tətbiqləri (TMA) və istifadəçi profillərini tanıtmaq imkanına malik olacaqlar.
Şirkət bildirib ki, bu reklamların dəyəri min görüntüləmə üçün 1 avro (CPM) olaraq müəyyən edilib.
Telegramın analitik məlumatlarına görə, reklam blokuna kanalın avatarının əlavə olunması reklamın vizual cəlbediciliyini 30 faiz artırır. Yeni funksiya, xüsusilə çatbotlar vasitəsilə xidmət göstərən şirkətlər üçün effektiv reklam imkanları yaradır.
Reklamlar istifadəçilərlə real vaxtda qarşılıqlı əlaqə yaradaraq satış, qeydiyyat və ya tətbiqə yönləndirmə kimi məqsədləri daha sürətli şəkildə həyata keçirməyə imkan verir.
Belə ki, Telegram istifadəçilərinin daha hədəfli və az sayda reklamla qarşılaşması, yerləşdirilən reklamların daha effektiv olmasını təmin edir.
Qeyd edək ki, “Telegram Ads” platforması əvvəlcə yalnız ictimai kanallar üçün nəzərdə tutulmuşdu.
Yeni mərhələdə isə fərdi botlar və mini tətbiqlər üzərindən də reklam yerləşdirilməsi imkanı ilə istifadəçilər və bizneslər arasında əlaqələr daha da sıxlaşacaq.






