Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Almaniyanın Tbilisidəki səfiri Peter Fişeri tənqid edib.
Operativ Media xəbər verir ki, o, səfirin son müsahibəsi zamanı arxa fonda “Qul” yazılmış bannerin önündə çıxış etməsini qınaq obyektinə çevirib.
Papuaşvli bildirib ki, bu yazı hakim partiyanın əleyhdarları tərəfindən istifadə olunur və belə bir fonda çıxış etmək qərəzli mövqe təsiri bağışlayır.
Parlament sədri Almaniya Xarici İşlər Nazirliyinə müraciətlə qeyd edib ki, səfirin müdafiəsi ilə yanaşı, ictimaiyyətin “nifrət və böhtan dilinin normallaşdırılmasına dəstək verməyin yolverilən olub-olmaması” ilə bağlı sualına da cavab verilməlidir.
Qeyd edək ki, bundan əvvəl Almaniya hökuməti Gürcüstan hökumətini Aİ-yə qarşı dezinformasiya kampaniyalarından və düşmənçilik ritorikasından çəkinməyə, eləcə də səfir Peter Fişerə qarşı ittihamları dayandırmağa çağırmışdı.






