Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyə xarici işlər naziri Hakan Fidanın Moskvada keçirəcəyi görüşdə Rusiya-Ukrayna danışıqlarından sonra yaranmış vəziyyət, eləcə də regional və ikitərəfli məsələlər müzakirə olunacaq.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı tərəflər Cənubi Qafqaz, Liviya, Suriya və Qara dəniz bölgəsindəki mövcud vəziyyəti nəzərdən keçirəcək, xüsusilə də İstanbulda keçirilmiş Rusiya-Ukrayna danışıqlarından sonra yaranmış vəziyyətlə bağlı geniş fikir mübadiləsi aparacaqlar. Qara dənizdə təhlükəsiz gəmiçiliyin təmin edilməsi də müzakirə mövzusu olacaq.
Görüşdə həmçinin Cənubi Qafqazda əməkdaşlığın dərinləşdirilməsi məsələləri ətraflı müzakirə olunacaq. Buraya nəqliyyat əlaqələrinin və kommunikasiya xətlərinin bərpası, postmünaqişə dövründə regionun bərpası daxildir. Rusiya və Türkiyənin Cənubi Qafqazda sülh və sabitlikdə maraqlı olduğu, bunun “3+3” regional əməkdaşlıq platforması çərçivəsində birgə səylərlə əldə oluna biləcəyi qeyd edilib. Moskva, həmçinin, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini alqışlayır.
Nazirliyin məlumatına görə görüşündə ikitərəfli ticarət-iqtisadi əməkdaşlıq da ayrıca müzakirə olunacaq:
"Görüş zamanı Qərbin davam edən təzyiqləri fonunda bank xidmətlərinin təkmilləşdirilməsi və ticarət dövriyyəsinin şaxələndirilməsi yolları araşdırılacaq. Tərəflər həmçinin Rusiya-Türkiyə Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyasının 19-cu iclasının məzmunlu gündəliyini də müzakirə edəcəklər".
Bundan əlavə, “Akkuyu” Atom Elektrik Stansiyasının inşası və “Mavi axın” və “Türk axını” qaz kəmərlərinin istismarı da gündəmdə olacaq.






