"Zirə"nin braziliyalı hücumçusu Rafael Utziq komandadan ayrılmaq istəyir.
Operativ Media xəbər verir ki, bunu "CBC Sport"da yayımlanan "Bizim Futbol" verilişində qonaq olan "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.
O, tərəflar arasında bu haqda danışıq olduğunu vurğulayıb.
"Rafael Utziq komandadan ayrılmaq istəyir. Öz istəyidir. Bizimlə müqaviləsi var. Ümumiyyətlə karyerasında yenilik istəyir. İstər keçən, istər bu mövsüm, istərsə də avrokuboklarda komanda üçün böyük işlər görüb. Həm futbolçu olaraq, həm bir insan olaraq ona böyük hörmətim var. Onunla açıq danışdıq. Gələcək planlarımda onu düşünmədiyimi bildirdim. Onunla bir illik müqaviləmiz var. Onun istəyindən sonra, klub olaraq da qərara gəldik ki, transferə çıxarılsın. Ürəyi bizimlə olmayan heç kimlə davam etmək istəmirəm".
Qeyd edək ki, Rafael Utziq bu mövsüm 30 oyunda meydana çıxıb, 8 qol vurub və 2 assist edib.
"Transfermarkt" 28 yaşlı futbolçunun dəyərini 750 min avro qiymətləndirir.