İran XİN: Zəngəzur dəhlizi yalnız qarşılıqlı razılıqla mümkün ola bilər

Əsəd Abbaslı
İran XİN: Zəngəzur dəhlizi yalnız qarşılıqlı razılıqla mümkün ola bilər

İran XİN müavini Səid Xətibzadə Zəngəzur dəhlizi ilə bağlı açıqlama verib.

Operativ Media xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər Nazirinin müavini Səid Xətibzadə Zəngəzur dəhlizi ilə bağlı mövqeyini açıqlayıb.

Onun sözlərinə görə, bu kimi məsələlər aydın şəkildə müəyyən edilməli və region dövlətlərinin suverenliyinə hörmət prinsipi əsasında dəyərləndirilməlidir.

“Düşünürəm ki, bu tip formulalar aydın şəkildə müəyyən edilməlidir. Biz də bunu ondan sonra şərh etməliyik. Əgər dəhliz Ermənistanın suverenliyini tanımamaq deməkdirsə, hesab edirəm ki, hətta Azərbaycan da bunu istəmir,” – deyə Xətibzadə bildirib.

Diplomat qeyd edib ki, İran bütün region ölkələrinin, o cümlədən Ermənistanın və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edir:

“İran şübhəsiz ki, Ermənistan da daxil olmaqla istənilən ölkənin ərazi bütövlüyünü və suverenliyini pozan hər hansı təşəbbüsün əleyhinədir. Bizim mövqeyimiz çox aydındır – regionda beynəlxalq hüquq əsaslı sabitlik olmalıdır.”

Xətibzadə, eyni zamanda, Zəngəzur dəhlizi ətrafında aparılan müzakirələrin regionun geosiyasi tarazlığına təsir edə biləcəyini vurğulayıb:

“Əgər dəhliz regionu bir neçə hissəyə bölmək, Ermənistanın suverenliyini pozmaq və ya regionun geosiyasi mənzərəsini dəyişmək məqsədi daşıyırsa, bu, İran üçün qəbuledilməzdir.”

İranlı rəsmisi əlavə edib ki, Tehran regional nəqliyyat və iqtisadi əlaqələrin genişləndirilməsini dəstəkləyir:

“Kommunikasiyaların və nəqliyyat marşrutlarının şaxələndirilməsi zəruridir. Əgər Ermənistan və Azərbaycan sülhün qovşağına çevrilmək qərarına gəlsələr, biz bundan yalnız məmnun olarıq.”

Xətibzadə qeyd edib ki, İran öz ənənəvi marşrutlarını regional əməkdaşlıq üçün təklif etməyə hazırdır və region ölkələrinin razılığı ilə əldə olunacaq istənilən həlli dəstəkləyəcək.

Digər xəbərlər