Tramp 12 yeni ölkə üçün rüsum dərəcələrini paylaşıb

Əziz Əzizli
Tramp 12 yeni ölkə üçün rüsum dərəcələrini paylaşıb

ABŞ prezidenti Donald Tramp Malayziya, Qazaxıstan, Tunis, Cənubi Afrika, Bosniya və Herseqovina, İndoneziya, Banqladeş, Serbiya, Kamboca, Tailand, Laos və Myanma üçün rüsum dərəcələrini ehtiva edən məktublar dərc edib. Tramp həmçinin iyulun 9-da başa çatan tarif moratoriumunun avqustun 1-dək uzadılması haqqında sərəncam imzalayıb.

Operativ Media xəbər verir ki, ABŞ lideri Cənubi Koreya və Yaponiyadan sonra sözügedən 12 ölkə üçün tarif məktublarını "Truth" sosial media hesabında paylaşıb.

Avqustun 1-dən etibarən bu ölkələrə tətbiq olunacaq tarif dərəcələrini açıqlayan Tramp, hər hansı bir qisas halında bu dərəcələrin artacağını qeyd edib.

Tramp məktublarda “bəlkə də” düzəlişlər edilə biləcəyini ifadə edərək, “Ölkənizlə münasibətimizə görə bu tariflər yuxarı və ya aşağı dəyişdirilə bilər” deyə bildirib.

Sözügedən məktublarda Tramp tətbiq olunacaq tarif dərəcələrinin Malayziya, Qazaxıstan və Tunis üçün 25 faiz, Cənubi Afrika və Bosniya-Herseqovina üçün 30 faiz, İndoneziya üçün 32 faiz, Banqladeş və Serbiya üçün 35 faiz, Kamboca və Tayland üçün 36 faiz, Laos və Birma üçün 40 faiz olduğunu qeyd edib.

Digər xəbərlər