Çinli tədqiqatçılar insan gözündən daha sürətli bionik sensor hazırlayıblar

Əziz Əzizli
Çinli tədqiqatçılar insan gözündən daha sürətli bionik sensor hazırlayıblar

Çinli alimlər insan gözündən daha sürətli işıq dəyişikliklərinə uyğunlaşa bilən bionik sensor hazırlayıblar.

Operativ Media “South China Morning Post” qəzetinə istinadən xəbər verir ki, Fucjou Universitetinin tədqiqatçıları insan retinasının işıq qıcıqlarını qəbul etmə və onlara uyğunlaşma mexanizmindən ilhamlanaraq, oxşar adaptasiya xüsusiyyətinə malik sensor yaratmağa nail olublar.

İnsan görmə sistemi işıqda baş verən kəskin dəyişikliklərə uyğunlaşa bilir və bu tənzimləmələri yadda saxlayaraq, oxşar şəraitdə növbəti dəfə daha sürətli reaksiya verir.

Ənənəvi maşın görmə sistemləri isə rəqəmsal görüntü emalında ləngimələrə səbəb olan “lazımsız məlumatların yaranması” və “yüksək enerji sərfiyyatı” kimi bir sıra problemlərlə üzləşir.

Tədqiqatın nəticəsində hazırlanmış bionik sensor insan gözünün qaranlıqdan işığa və ya əks istiqamətdə uyğunlaşmaq üçün tələb etdiyi 2–30 dəqiqəlik müddətdən fərqli olaraq, bu keçidlərə təxminən 40 saniyəyə uyğunlaşa bilir.

Yeni sensorun işləmə prinsipi işığı səmərəli şəkildə elektrik siqnallarına çevirə bilən və ani işıq dəyişikliklərinə reaksiya verə bilən kvant nöqtələri — kiçik yarımkeçirici nanokristallardan istifadəyə əsaslanır.

Araşdırma qrupu bildirib ki, bu sensor mövcud sistemlərdəki problemləri aradan qaldıraraq daha az enerji sərfiyyatı ilə daha sürətli hesablama imkanları yaradır.

Tədqiqatın nəticələri Amerika Fizika İnstitutunun “Applied Physics Letters” (Tətbiqi Fizika Məktubları) adlı elmi jurnalında dərc olunub.

Digər xəbərlər