Bolqarıstan 2026-cı ildə avrozonaya qoşulacaq

Əziz Əzizli
Bolqarıstan 2026-cı ildə avrozonaya qoşulacaq

Avropa İttifaqının maliyyə nazirləri çərşənbə axşamı Bolqarıstanın 2026-cı ilin yanvarından etibarən avrozonaya daxil olması ilə bağlı son tədbirləri tamamlayıblar. Bu tədbirlər çərçivəsində bolqar levi ilə avro arasında məzənnənin müəyyən edilməsi də nəzərdə tutulub.

Operativ Media “Reuters”ə istinadla xəbər verir ki, Bolqarıstan gələn ilin əvvəlində bir avro üçün 1,95583 lev məzənnəsi ilə vahid valyutaya qoşulacaq. Texniki keçidi hazırlamaq üçün Bolqarıstanın altı aydan bir qədər az vaxtı qalıb.

Avropa İttifaqının maliyyə nazirləri ötən ay Avropa Komissiyası və Avropa Mərkəzi Bankının ölkənin bu keçidə hazır olması ilə bağlı müsbət qiymətləndirməsindən sonra Bolqarıstanın avroya keçməsini rəsmən dəstəkləyiblər. Bu addım, həmçinin iyunun 26-da Brüsseldə keçirilən sammitdə Aİ liderləri tərəfindən də təsdiqlənib.

Bolqarıstanın avrozonaya daxil olmasından sonra 27 Aİ ölkəsindən yalnız altısı — İsveç, Polşa, Çexiya, Macarıstan, Rumıniya və Danimarka vahid valyuta zonasının hüdudlarından kənarda qalacaq. “Reuters” qeyd edir ki, onlardan heç biri yaxın gələcəkdə avroya keçməyi planlaşdırmır.

Digər xəbərlər