Qərargahı Fransanın Strasburq şəhərində yerləşən Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Rusiyanı 2014-cü ildə Ukraynada Malayziya Hava Yollarına məxsus təyyarənin vutulmasında və elə həmin il ölkənin şərqində insan haqlarının pozulmasında təqsirli bilib.
Operativ Media xəbər verir ki, AİHM-də Niderland və Ukraynanın Rusiya əleyhinə verdiyi üç fərqli müraciət üzrə birgə iclas keçirilib.
Məhkəmə, 2014-cü ildə Malayziya Hava Yollarına məxsus təyyarənin Ukrayna ərazisində vurulması və həmin il Ukraynanın şərqində yerləşən Donbas bölgəsində baş vermiş insan hüquqları pozuntularına görə Rusiyanı məsuliyyətli hesab edib.
Qərarda qeyd olunub ki, Rusiya "münaqişə şəraiti olmayan zamanlarda ukraynalı mülki şəxsləri və hərbçiləri edam etmək", "işgəncələr vermək", "mülki əhalini əsassız şəkildə öz yaşayış yerlərindən köçürmək", eləcə də "dağıntılar, talan və mülklərin zorla ələ keçirilməsi" əməllərinə görə məsuliyyət daşıyır.
AİHM Moskva hökumətinə “Ukraynada Rusiya nəzarəti altında olan ərazilərdə və ya Rusiya qüvvələri tərəfindən işğal olunmuş bölgələrdə” saxlanılan bütün şəxslərin azad olunması və Ukraynadan Rusiyaya aparılmış uşaqların müəyyən edilməsi məqsədilə beynəlxalq müstəqil bir mexanizmin yaradılması üçün əməkdaşlıq edilməsinə dair qərar verib.
Rusiya ilə bağlı bu qərar Avropa İnsan Hüquqları Məhkəməsinin 17 hakimdən ibarət Böyük Palatası tərəfindən qəbul edilib.
AİHM 2023-cü ilin yanvarında, Malayziya Hava Yollarına məxsus MH17 reysi üzrə təyyarənin 2014-cü ildə Amsterdam-Kuala Lumpur marşrutu üzrə uçuş zamanı Ukrayna üzərində vurulması ilə bağlı Niderlandın, eləcə də 2014-cü ilin mart ayından etibarən Ukraynanın Donbas bölgəsində ukraynalı mülki şəxslərə qarşı həyata keçirilən "qanunsuz hərbi hücumlar", "edam və işgəncələrlə" bağlı Ukraynanın müraciətlərini qismən qəbul etmişdi.
Ukrayna, həmçinin 2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsinə dair də AİHM-ə müraciət etmişdi.
MH17 reysi üzrə təyyarə 17 iyul 2014-cü ildə 283 sərnişin və 15 ekipaj üzvü ilə Amsterdamdan Kuala Lumpur istiqamətində uçarkən Ukrayna hava məkanından keçən zaman, Ukrayna-Rusiya sərhədindən 40 kilometr aralıda vurularaq qəzaya uğrayıb. Təyyarədə olan 298 nəfərin hamısı həlak olub.
Hollandiya, Avstriya, Belçika, Ukrayna və Malayziyadan ibarət Beynəlxalq Birgə İstintaq Qrupu (JIT), Malayziya Hava Yollarına məxsus təyyarənin Ukrayna ərazisində Rusiya ordusuna məxsus raketlə vurulduğunu müəyyən edib.