Polşa XİN vətəndaşları Rusiyaya səfər etməməyə çağırıb

Əziz Əzizli
Polşa XİN vətəndaşları Rusiyaya səfər etməməyə çağırıb

Polşa Xarici İşlər Nazirliyi respublikanın "dost olmayan ölkələr" siyahısında yer almasını və konsulluq işçilərinin sayının azaldılmasını əsas gətirərək, vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib.

Operativ Media xəbər verir ki, bu haqda Polşa XİN-in mətbuat xidməti məlumat yayıb.

"Xarici İşlər Nazirliyi Ukraynadakı müharibə və Polşanın Rusiya Federasiyası tərəfindən dost olmayan dövlət kimi tanınması ilə əlaqədar olaraq, Rusiyaya səfər etməyi tövsiyə etmir", – qurumun X platformasında yaydığı açıqlamada bildirilir.

"Rusiyadakı Polşa konsulluq işçilərinin sayının azalması səbəbindən Polşa Respublikasının Xarici İşlər Nazirliyi vətəndaşlara yardım göstərməkdə məhdud imkanlara malikdir."

İyulun əvvəlində Rusiya Xarici İşlər Nazirliyi Varşavanın Krakovda yerləşən Rusiyanın Baş Konsulluğunun fəaliyyət icazəsini ləğv etməsinə cavab olaraq, Polşa tərəfini Kalininqraddakı konsulluğun bağlanacağı barədə məlumatlandırıb. 2024-cü ilin sonunda isə Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanın Poznandakı Baş Konsulluğunu bağlamaq qərarına gəlib. Bu addımdan sonra Moskva da cavab tədbiri kimi Polşanın Sankt-Peterburqdakı konsulluğunun fəaliyyətini dayandırıb.

Hazırda Polşada Rusiya səfirliyinin konsulluq şöbəsi və Qdanskdakı Baş Konsulluğu fəaliyyət göstərir. Polşa isə Rusiya Federasiyasında Moskvadakı səfirlik və İrkutskdakı Baş Konsulluqla təmsil olunur.

Digər xəbərlər