"Qarabağ" - "Dinamo Kiyev" matçının biletləri satışa çıxarılır
UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Dinamo" (Kiyev) görüşünün biletləri avqustun 6-sı saat 12:00-dan etibarən satışda olacaq.
Operativ Media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanın standart biletlərinin qiyməti 5, 10, 15 və 20 manat təşkil edir.
VIP sektorlar üzrə biletlər 50, 75 və 100 manata, VVIP yerlər isə 150 manata təklif olunur. VVIP sektoruna bilet əldə edən azarkeşlərə həmin zonada çay süfrəsi xidməti göstəriləcək.
Biletləri yalnız iTicket.az platformasının rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Onlayn alış zamanı problem yarandığı təqdirdə, azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı "Qarabağ" FK-nın fan-şopuna və arenasının kassalarına müraciət edə bilərlər.
Qeyd olunub ki, stadiona daxil olmaq üçün yalnız etibarlı QR koda malik biletlər keçərlidir.