Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinal mərhələsinə yüksəldi
Azərbaycanı U20 dünya çempionatında təmsil edən qadın güləşçilərdən Günay Qurbanova (57 kq) və Ruzanna Məmmədova (59 kq) yarımfinal mərhələsinə vəsiqə qazanıblar.
Operativ Media xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Günay Qurbanova təsnifat mərhələlərində macarıstanlı Liliana Kapuvari (12:1), özbəkistanlı Ulbiye Karılıbayeva (11:1) və kanadalı Aqniya Krakovskaya üzərində (tuş) vaxtından əvvəl parlaq qələbələr qazanaraq adını yarımfinala yazdırıb. O, finalın bir addımlığında hindistanlı Tanvi Gundeş Maqdumla qarşılaşacaq.
Digər təmsilçimiz, üçqat U20 Avropa çempionumuz Ruzanna Məmmədova (59 kq) isə ispaniyalı Rosa Molina Rodriges (10:0) və hindistanlı Komal Komalı (14:2) darmadağın edərək yarımfinala yüksəlib. O, həlledici mərhələyə adlamaq üçün macarıstanlı Eda Balaşla qüvvəsini sınayacaq.
Sərbəst güləş yarışlarına gəldikdə, 61 kiloqram çəkidə mübarizə aparan Camal Abbasov moldovalı Marçel Andronake və monqol Dulquun Enxbaatara eyni hesabla (10:0) qalib gəlsə də, 1/4 finalda amerikalı Aaron Ceyms Zaydelə 2:13 hesabı ilə uduzub. 86 kiloqram çəkidə çıxış edən Məhəmməd Abbaszadə isə bolqarıstanlı Alan Tigiyevi “tuş”la mübarizədən kənarlaşdırsa da, 1/4 final mərhələsində türkmənistanlı Alp Arslan Begenjova 1:14 hesabı ilə məğlub olub.
dəqiqələr içində saytın olsun.