Nəsimi rayonunda ayrı-ayrı vətəndaşlara məxsus iki ədəd velosiped oğurlanıb. Bu barədə zərərçəkən şəxslər polisə məlumat veriblər.
DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – 27 yaşlı A.Abdullayev və 37 yaşlı R.Şirinov saxlanılıblar.
İdarənin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə paytaxt sakininin 2350 manat pulunu oğurlamaqda şübhəli bilinən 38 yaşlı S.Hüseynov da tutulub.
Bundan başqa, paytaxtın Yasamal rayonunda talama cinayətləri qeydə alınıb. Naməlum şəxslər vətəndaşlara məxsus moped və mobil telefonları oğurlayıblar.
Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – 29 yaşlı H.Eminov və 26 yaşlı Ə.Abbasov saxlanılıblar.
Binəqədi, Nərimanov və Sabunçu rayonlarında da oğurluq hadisələri qeydə alınıb.
Binəqədi rayonunda yerləşən taksi şirkətlərinin birinin xidməti otağından 1460 manat, Nərimanov və Sabunçu rayonlarında isə ayrı-ayrı vətəndaşlara məxsus 2702 manat dəyərində nağd pul, qızıl-zinət əşyaları və kompüter avadanlıqları oğurlanıb. Bu barədə zərərçəkənlər polisə müraciət ediblər.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə cinayət əməllərini törətməkdə şübhəli bilinən 55 yaşlı N.Nəsirov, əvvəllər məhkum olunmuşlar - 40 yaşlı R.Abbasov və 35 yaşlı Ə.Məmmədov saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.