"Azərbaycanla Çin arasında strateji əməkdaşlığın güclənməsi fonunda iqtisadi əlaqələrin daha da dərinləşdiyi müşahidə olunur. İki ölkə arasında ticarət dövriyyəsi 2024-cü ildə təxminən 18 faiz artaraq 3 milyard 744 milyon ABŞ dollarına çatıb. Bu isə onu göstərir ki, Çin Azərbaycanın idxalda ən böyük tərəfdaşıdır".
Bunu Operativ Media-ya Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
O, qeyd edib ki, Prezidentin son görüşləri xüsusilə qeyri-neft sektoruna daha çox sərmayə yatırılmasına təkan verəcək:
"Digər tərəfdən, Azərbaycan və Çin arasında müxtəlif sektorlarda əməkdaşlığın genişləndiyini görürük. Bu əməkdaşlıq qarşılıqlı investisiya qoyuluşları və birgə layihələrin reallaşdırılması ilə müşayiət olunur. Prezident İlham Əliyevin keçirdiyi görüşlərdə də əsas müzakirə mövzularından biri məhz Çin investisiyalarının Azərbaycan iqtisadiyyatına cəlb edilməsi, qarşılıqlı sərmayə qoyuluşları, texnologiyaların transferi və region üçün mühüm əhəmiyyət kəsb edən digər məsələlər olub.
Gözlənilir ki, Prezidentin son görüşləri xüsusilə qeyri-neft sektoruna daha çox sərmayə yatırılmasına təkan verəcək. Bu isə ilk növbədə yaşıl enerji sahəsində əməkdaşlığın güclənməsi deməkdir. Azərbaycan Çinlə bu istiqamətdə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
Azərbaycan bir tərəfdən regionda yaşıl enerji sahəsinə ən çox investisiya yatıran ölkədir. Digər tərəfdən isə ölkə 2030-cu ilədək ümumi enerji istehlakında yaşıl enerjinin payını 35 faizə çatdırmağı, karbon emissiyalarını isə 40 faiz azaltmağı hədəfləyir. Bütün bunlar göstərir ki, Çinlə yaşıl enerji sahəsində əməkdaşlıq həm istehsal gücünün artırılmasına, həm də Azərbaycanın bu sahədə ixrac imkanlarının genişlənməsinə şərait yaradacaq.
Bu baxımdan Prezident İlham Əliyevin Çinə səfəri iki ölkə arasında əməkdaşlığın güclənməsinə, strateji tərəfdaşlıqda yeni səhifənin açılmasına və Azərbaycan iqtisadiyyatına daha çox sərmayənin cəlb edilməsinə mühüm zəmin yaradır".