İmişlidə toyda kütləvi zəhərlənmə olub - YENİLƏNİB 2

Sentyabrın 23-də İmişli rayonu Muradxanlı kəndi ərazisində yerləşən yaşayış evlərindən birinin həyətində keçirilən məclisdə iştirak etmiş şəxslərdən 55 nəfərin növbəti gün qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Operativ Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yaşayış evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Hazırda zərərçəkmiş şəxslərin müalicələri davam etdirilir.
22:50
İmişlidə toyda zəhərlənənlərin sayı 53 nəfərə çatıb.
TƏBİB-dən Operativ Media-ya bildirilib ki, 24.09.2025-ci il tarixində saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 53 nəfər (4-ü uşaq olmaqla 21-i kişi, 3-ü uşaq olmaqla 32-si qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə hospitalizasiya olunub.
Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1 nəfər (kişi) iltizamnaməsi alınaraq ixtisaslı tibbi xidmətdən imtina edib.
Vəziyyətləri sabit qiymətləndirilən digər şəxslərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.
18:31
İmişli rayonunda baş vermiş hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.
Bu barədə Operativ Media-ya AQTA-dan bildirilib.
Məlumata görə, ilkin araşdırma zamanı məlum olub ki, hadisə rayonun Muradxanlı kəndində təşkil olunan kiçik toy mərasimi zamanı baş verib: "Agentliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərək müvafiq müayinələr aparılır. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. Nəticə ilə bağlı əlavə məlumat veriləcək.
Agentlik bir daha ev şəraitində hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini diqqətə çatdırır".