"2025-ci ilin üçüncü rübü artıq başa çatıb və dördüncü rübə keçid dövründə mövcud göstəricilər göstərir ki, Azərbaycan turizm bazarı hələ də pandemiyadan sonrakı bərpa mərhələsindədir. Bu il ölkədə keçirilən iri tədbirlər turizmin inkişafına mühüm təsir göstərib".
Bu sözləri Operativ Media-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirib.
Onun sözlərinə görə, xüsusilə Formula-1 yarışının uğurla təşkil olunması və onun müddətinin 2030-cu ilə qədər uzadılması əlamətdar hadisə kimi qiymətləndirilir: "Bundan başqa, Azərbaycan beynəlxalq səviyyəli idman tədbirlərinə ev sahibliyini davam etdirir və bu proses artıq yalnız paytaxtla məhdudlaşmır. Regionlarda, xüsusilə Gəncə şəhərində keçirilən tədbirlər bölgələrin iqtisadi və sosial fəallığının artmasına töhfə verir".
Ekspertin sözlərinə görə, ümumi mənzərə hələlik göstərir ki, Azərbaycan turizm bazarı 2019-cu ilin göstəricilərinə tam çatmayıb:
“Turizm potensialının tam şəkildə reallaşması üçün müəyyən vaxt və ardıcıl tədbirlər tələb olunur. Bu istiqamətdə əsas hədəflər turistlərin sayının artması, turizmdən əldə edilən gəlirlərin çoxalması və ölkənin daha əlçatan olması üçün şəraitin yaxşılaşdırılmasıdır.”
Ekspertin sözlərinə görə, 2025-ci ildə xaricdən gələn turistlərin sayında ciddi artım müşahidə olunmasa da, daxili turizmdə aktivlik nəzərəçarpacaq dərəcədə yüksəlib: "Regionlarda keçirilən tədbirlər və yeni turizm təşəbbüsləri bu prosesə müsbət təsir göstərib. Bundan əlavə, Həmkarlar İttifaqına daha çox otelin qoşulması, əməkdaşlıq mexanizmlərinin güclənməsi və yeni yaradılan portal vasitəsilə müraciətlərin artması daxili turizmə marağı artırıb. Bu isə həm bölgələrdə iqtisadi fəallığı stimullaşdırıb, həm də vətəndaşların istirahət imkanlarını genişləndirib".
Payız mövsümündə otel qiymətləri
Ən çox seçilən bölgələr:
-
Qəbələ
-
Şəki
-
Qusar (xüsusilə Şahdağ)
-
Naftalan
-
Lənkəran və Cənub bölgəsi
-
Quba–Qusar
-
İsmayıllı (dağ turizmi istiqamətləri)
Otel qiymətləri (1 gecə, 2 nəfər üçün)
-
Qəbələ – 50–150 AZN (3–4 ulduz otellərdə). Məsələn, Qafqaz Resort Hotel səhər yeməyi daxil otaqları 120 AZN-dən başlayır.
-
Şəki – 60–110 AZN (orta səviyyəli otellər). Shaki Palace və Marxal Hotel & Spa bu aralıqdadır.
-
Qusar / Şahdağ – qiymətlər daha geniş dəyişir. Wellness və kurort tipli otellər digərlərindən bahadır.
-
Naftalan – müalicəvi turizm mərkəzi olduğuna görə, qiymətlər orta və yuxarı səviyyədədir. Spa və müalicə xidmətləri ümumiyyətlə paketə daxildir.
-
Lənkəran / Cənub bölgəsi – sahil və kurort otellərində qiymətlər 80–110 AZN-dən başlayır.
Nəzərə alınmalı məqamlar
-
Səhər yeməyi çox vaxt qiymətə daxil olsa da, bəzi hallarda əlavə ödəniş tələb edir.
-
Həftəsonları və bayram günlərində qiymətlər adətən daha yüksək olur.
-
SPA, wellness və kurort xidmətləri əlavə xərc yarada bilər.
Ayşən Sadıxzadə