Millət vəkili: Azərbaycan və İtaliya münasibətləri hərtərəfli inkişaf edir

Nərmin Qocamanova
Millət vəkili: Azərbaycan və İtaliya münasibətləri hərtərəfli inkişaf edir

“30 sentyabrda İtaliya Prezidenti Sercio Matarellanın ölkəmizə səfəri Azərbaycan–İtaliya münasibətlərinin inkişafına yeni impuls verəcək.”

Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Azər Badamov bildirib.

O qeyd edib ki, dövlət başçılarının qarşılıqlı səfərlərinin müntəzəm xarakter alması təkcə dövlətlərarası əməkdaşlığı gücləndirmir, həm də xalqlar arasında münasibətlərin inkişafına töhfə verir:

“İtaliya Azərbaycanın Avropa İttifaqına açılan qapısıdır. 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Saziş və 7 il əvvəl qəbul edilmiş Hərtərəfli Strateji Tərəfdaşlığın Genişləndirilməsinə dair Bəyannamə ölkələrimiz arasında münasibətlərin hərtərəfli inkişafı üçün mühüm hüquqi baza yaratmışdır.”

Azər Badamov fikirlərini belə davam etdirib:

“Siyasi münasibətlərimiz yüksək səviyyədədir. İtaliya beynəlxalq təşkilatlarda Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləmişdir. İqtisadi əlaqələrimiz isə sürətlə dərinləşir. Hazırda Cənubi Qafqaz ölkələri ilə İtaliyanın ticarət dövriyyəsinin 90%-ə yaxını Azərbaycanın payına düşür. 2024-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 16 milyard dollardan çox olmuşdur ki, bu da İtaliyanın Azərbaycanın birinci xarici tərəfdaşı olduğunu göstərir. İtaliyanın neft idxalında Azərbaycan birinci, qaz idxalında isə ikinci yerdədir. Azərbaycanın təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizi layihəsi Xəzər dənizində hasil olunan qazın 3500 km uzunluğunda boru kəməri vasitəsilə İtaliyaya çatdırılmasına imkan vermişdir. Hazırda İtaliyaya 10 milyard kubmetrdən çox təbii qaz ixrac olunur.”

Deputat həmçinin vurğulayıb ki, Azərbaycanın enerji sektorunun inkişafında İtaliya xüsusi rol oynayır. “Yenicə istifadəyə verilmiş 1280 meqavat gücündə İstilik Elektrik Stansiyasının yenidən qurulmasında İtaliya şirkətləri yaxından iştirak ediblər. Sumqayıt Kimya Sənaye Parkında Azərbaycan–İtaliya müəssisəsi yaradılmış və onun açılışında hər iki ölkənin dövlət başçıları iştirak etmişdir. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə ‘ağıllı şəhər’ və ‘ağıllı kənd’ layihələrinin icrasında İtaliya şirkətləri fəal iştirak edirlər.”

O əlavə edib ki, Ağdam Sənaye Parkında holland, mozzarella və digər italyan pendirlərinin istehsalı üzrə, investisiya dəyəri 2,2 milyon dollar olan süd məhsulları zavodu tikilib:

“İqtisadi əməkdaşlığımız çoxşaxəlidir və sadalanacaq nümunələr bunun yalnız bir hissəsidir. Lakin münasibətlərimiz təkcə siyasi və iqtisadi sahələrlə məhdudlaşmır, humanitar əməkdaşlıq da genişlənir. İtaliyada Azərbaycan Mədəniyyəti Günləri keçirilmiş, bu tədbirlər çərçivəsində italyan ictimaiyyəti xalqımızın mədəniyyəti və mətbəxi ilə yaxından tanış olmuşdur. Bu gün Bakıda Azərbaycan–İtaliya Universitetinin açılışı olub. Universitet ilk növbədə ölkəmiz üçün mühüm sahələr üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına xidmət edəcək. Məsələn, aqronomiya və baytarlıq fakültələrinin fəaliyyəti Azərbaycanın aqrar sektorunun inkişafına əhəmiyyətli töhfə verəcək. Bu təhsil ocağı həm də ölkələrimiz arasındakı münasibətlərin möhkəmlənməsinə xidmət edəcək. Azərbaycan–İtaliya Universitetini bitirən hər bir məzun hər iki ölkənin təmsilçisi olacaq və dünyanın harasında yaşamasından asılı olmayaraq Azərbaycanla İtaliyanın maraqlarını müdafiə edəcəkdir. Humanitar əməkdaşlığın dərinləşməsi Azərbaycan–İtaliya münasibətlərinin möhkəmlənməsində əsas rol oynayır.”

Ayşən Sadıxzadə

Digər xəbərlər