Biləsuvar rayonunda Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, toxum bazarının formalaşdırılması, innovativ texnologiyaların tətbiqi ilə toxumçuluqda məhsuldarlığın yüksəldilməsi, sahənin elmi əsaslarla inkişaf etdirilməsi, eyni zamanda fermerlərin sertifikatlaşdırılmış toxumlara əlçatanlığının təmin edilməsi məqsədilə keçirilən yarmarkada Biləsuvar və Cəlilabad rayonlarından toxumçu fermerlər, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər iştirak ediblər.
Yarmarkada toxum istehsalçıları ilə yanaşı, müxtəlif dövlət qurumları və özəl şirkətlər də iştirak ediblər. Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi vahid stenddə regionlara uyğun sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxum nümunələri nümayiş etdirilib, fermerlərə torpaq-iqlim şəraitinə uyğun toxum seçiminin əhəmiyyəti barədə ətraflı məlumat verilib.