2025-ci ilin ilk 6 ayında Azərbaycanın bank sektorunda müsbət artım müşahidə olunub. Məlumata görə, bank aktivləri ötən ilin sonuna nisbətən 7.7% artaraq 86,274 milyon manata yüksəlib. Bank öhdəlikləri 73,139 milyon manat, kapital isə 6,486 milyon manat təşkil edib.
Operativ Media xəbər verir ki, bunu Paşa Bankın idarə heyəti sədrinin müavini Bəhruz Nağıyev Paşa Bankın 2025-ci ilin ilk 6 ayının nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.
Depozit portfeli üzrə artım 6.7%, kredit portfeli üzrə isə 3.6% səviyyəsində qeydə alınıb.
2025-ci ilin iyununa olan statistikaya əsasən, depozitlərin ümumi həcmi 64,694 milyon manat, kreditlərin həcmi isə 43,274 milyon manat olub. Bununla yanaşı, kreditlərin depozitlərə nisbəti 68.3% səviyyəsində müəyyənləşib.
O bildirib ki, Bank sektorunun qeyri-maliyyə göstəricilərinə görə, ölkədə fəaliyyət göstərən bankların sayı 22, filialların sayı 494, bankomatların sayı 3,654, POS-terminalların sayı isə 86 min olub.
Kredit portfelinin keyfiyyət göstəriciləri də sabit qalır. Qeyri-işlək kreditlərin (NPL) payı 2025-ci ilin ortalarında 2.6% təşkil edib. Bu göstərici 2024-cü ilin sonunda 2.8% idi.