Sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi yeni qaydalarla müəyyənləşdiriləcək.
Operativ Media xəbər verir ki, bununla bağlı "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanuna dəyişiklik təklif edilir.
Layihə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirə olunub.
Təklif edilən dəyişikliyə əsasən, sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyən olunacaq.
Bildirilib ki, layihə peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsi sahəsində normativ hüquqi bazanın yenilənməsi zərurəti ilə bağlı hazırlanıb.
Komitə sədri Musa Quliyev vurğulayıb ki, bu, texniki dəyişiklikdən daha çox mahiyyət dəyişikliyi, qanunun dəqiqləşdirilməsi və təkmilləşdirilməsi məqsədi daşıyır:
"Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydasının hansı icra hakimiyyəti orqanının necə müəyyən etdiyi açıq qalırdı. İndi bu məsələ dəqiqləşdirilir, yəni həmin qurum Nazirlər Kabineti olacaq".
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev isə əlavə edib ki, istehsalat qəzaları nəticəsində əmək qabiliyyətinin itirilməsinin dərəcələrinin müəyyənləşdirilməsi üçün yeni qaydalar üzrə hesablama metodlarının icrası istiqamətində təlimlər keçirilir:
"İstehsalat qəzaları nəticəsində vətəndaşın orqanizm funksiyasının pozulma dərəcəsi 30 faizdən yuxarı olurdusa, əlillik təyin olunur. Lakin 30 faizdən aşağı pozuntu hallarında qanunvericilikdə konkret mexanizm mövcud deyil. Bu isə praktiki boşluq yaradır. Bu səbəbdən beynəlxalq təcrübəyə əsaslanan yeni yanaşma hazırlanaraq parlamentə təqdim olunub".
Qeyd edək ki, mövcud qanunvericiliyə görə sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsi, o cümlədən həmin məqsədlə ilkin və təkrar müayinə edilməsi qaydası qanunvericiliklə müəyyən olunur.