“Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Neftçala rayonu ərazisində ov qaydalarını pozan şəxs saxlanılıb.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, saxlanılan şəxsin idarə etdiyi 90-OB-135 dövlət qeydiyyat nişanlı “Niva” markalı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildə qanunsuz əldə edilmiş diri halda çöl göyərçini və Şahin quşunun ovlanması üçün nəzərdə tutulmuş, istifadəsi qanunla qadağan olunan cələ aşkar edilərək maddi sübut kimi götürülüb. Çöl göyərçini isə təbiətə buraxılıb.
“Faktla bağlı nəqliyyat vasitəsinin sürücüsü Xalid Abdullayev barəsində protokol tərtib olunaraq qanunamüvafiq tədbir görülüb”.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ov fəaliyyəti ilə məşğul olan şəxslərə adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş, eyni zamanda ovlanması qadağan olunan heyvan və quş növlərinin ovlanmasının yolverilməz olduğunu bildirib, ov ilə məşğul olan şəxsləri qaydalara ciddi əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan edilmiş alətlərlə ov etməkdən çəkinməyə çağırıb.
Qeyd edək ki, ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ov etməyə görə təqsirkar şəxslər Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Şəkil Qalereyası

