Bu il oktyabrın 1-nə Azərbaycanın xarici dövlət borcu 4,9 milyard ABŞ dolları olub.
Operativ Media xəbər verir ki, bunu "Report"a Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı sərəncamla təsdiqlənmiş "Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya"nın hədəflərindən biri ortamüddətli dövr ərzində xarici borcun mütəmadi azaldılması, bunun müqabilində daxili borca daha çox üstünlük verməklə daxili qiymətli kağızlar bazarının inkişaf etdirilməsidir.
"Bu istiqamətdə kifayət qədər əlverişli nəticələr əldə edilib. 2018-ci ildə xarici dövlət borcu 8,9 milyard ABŞ dolları olubsa, bu il oktyabrın 1-nə bu göstərici 4,9 milyard ABŞ dollarıdır. Yəni hesabat dövründə xarici dövlət borcunu 4 milyard ABŞ dolları azaltmışıq. Bu borcun tərkibində beynəlxalq maliyyə bazarlarında ticarət olunan istiqrazlar var. Bu istiqrazlar, xarici dövlət borcunun təxminən 28 %-ni təşkil edir. Bununla yanaşı beynəlxalq maliyyə-kredit qurumları ilə əməkdaşlıq çərçivəsində onlardan cəlb edilən kreditlər də var", - deyə nazirlik rəsmisi qeyd edib.
Xatırladaq ki, bu il iyulun 1-nə Azərbaycanın xarici dövlət borcu 5 milyard 10,7 milyon ABŞ dolları təşkil edib.