Ağdaş rayonunda bölgənin kənd təsərrüfatı potensialının və xüsusilə meyvəçiliyin inkişafına dəstək məqsədilə “Heyva Festivalı” və “Aqrar Biznes Festivalı” keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, festivalın keçirilməsində əsas məqsəd regionun aqroturizm imkanlarının genişləndirilməsi, fermer və sahibkarlar arasında birbaşa əməkdaşlıq mühitinin yaradılması, həmçinin yerli kənd təsərrüfatı məhsullarının tanıdılması və satış imkanlarının artırılması olub.
Festivallar çərçivəsində toxum sərgi-satış yarmarkası da təşkil olunub. Bu təşəbbüsün məqsədi yerli toxumçuluğun inkişafına dəstək vermək, fermerlərin iqlim şəraitinə uyğun, sertifikatlı və keyfiyyətli toxumlara çıxış imkanlarını artırmaqdır. Yarmarka çərçivəsində yerli toxum istehsalçıları ilə birbaşa əlaqə yaradılıb, fermerlər üçün yeni əməkdaşlıq imkanları müzakirə olunub. Yarmarkada Kənd Təsərrüfatı Nazirliyi tərəfindən vahid stend altında ölkə üzrə sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxum nümunələri təqdim olunub. Tədbir zamanı toxum, gübrə, yeni kənd təsərrüfatı texnologiyaları, müasir suvarma sistemləri sərgilənib, innovativ aqrotexniki həllər və torpaq-iqlim xüsusiyyətlərinə uyğun sortların seçimi barədə praktiki məlumatlar təqdim edilib. Festival həm də Ağdaş rayonunun aqrar potensialını və aqroturizm imkanlarını nümayiş etdirmək baxımından mühüm platformaya çevrilib.
Qeyd edək ki, cari il ərzində ölkənin müxtəlif regionlarında — Samuxda “Ərik”, Şəmkirdə “Tərəvəz”, Kürdəmirdə “Bostan”, Xaçmazda “Şaftalı”, Masallıda “Düyü və çəltik” və digər festivallar da daxil olmaqla ümumilikdə 11 məhsul festivalı keçirilib.
Şəkil Qalereyası








