Menyu

Dabaq xəstəliyi bazarlarda durğunluq yaradıb – "Ət satışında 50 faizə qədər azalma var"

Ayşən Sadıxzadə
Dabaq xəstəliyi bazarlarda durğunluq yaradıb – "Ət satışında 50 faizə qədər azalma var"

Son günlər dabaq xəstəliyi ilə bağlı yayılan xəbərlər ölkənin ət bazarında durğunluq yaradıb. Qəssablar bildirirlər ki, xəstəliklə bağlı narahatlıq alışa çox təsir edib, nəticədə satış həcmi azalıb və gündəlik qazanc aşağı düşüb.

Operativ Media-ya danışan qəssab Namiq Qarayevin sözlərinə görə, dabaq xəstəliyindən sonra həm dana, həm də qoyun ətinin satışında azalma müşahidə olunur:

“Ət satışının azalması gündəlik qazancımıza 20–30 manat təsir edir. İnsanlar xəstəlikdən sonra ət almağa çəkinirlər. Daha çox toyuq və balığa üstünlük verirlər".

Onun sözlərinə görə, alıcılar mağazaya gələn kimi xəstəliklə bağlı suallar verir, bəziləri isə sadəcə ehtiyatla ət alıb gedir.

Qəssab Kənan Təhməzov da satışların azaldığını təsdiqləyib. Onun sözlərinə görə, dabaq xəstəliyindən sonra gündəlik qazancda 500–600 manat azalma müşahidə olunur:

“Ən çox dana ətinin satışında azalma var. İnsanlar indi daha çox quzu əti alır, amma o da bahadır.”

O, qeyd edib ki, alıcılar əsasən ətin mənşəyi və heyvanların sağlamlığı ilə maraqlanırlar.

Qəssab Səddam Hüseynli isə bildirir ki, həm alıcı azlığı, həm də heyvanların bahalaşması vəziyyəti daha da çətinləşdirib:

“Ət satışında 50 faizə qədər azalma var. Dana ətinin qiyməti hazırda 16.50–17 manat, quzu ətinin isə 18–20 manat arasındadır. Toy mövsümü davam etsə də, alıcılıq gücü xeyli azalıb".

O, qiymət artımını həm xəstəlik qorxusu, həm də bahalaşma ilə əlaqələndirib.

Əlaqəli Xəbərlər