Azərbaycanda quşçuluq sahəsində ciddi azalma müşahidə olunur - Ekspert

Azərbaycanın kənd təsərrüfatı statistik göstəricilərinə nəzər saldıqda, son illərdə quşçuluq sahəsində ciddi azalma müşahidə olunur. Dövlət Statistika Komitəsinin mövcud bazasında yer alan məlumatlara əsasən, son 5–6 il ərzində ölkədə quşların baş sayında təxminən xeyli azalma qeydə alınıb. Bu, həm istehsalın həcminə, həm də məhsulun bazar qiymətlərinə birbaşa təsir göstərir.
Bu sözləri Operativ Media-ya açıqlamasında kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli deyib.
Onun sözlərinə görə, ötən illə müqayisədə bu il buğda istehsalı 100 min ton azalıb:
“Ümumilikdə isə son 6 ildə bu sahədə 600 min tonadək azalma müşahidə edilir. Məsələn, 2019-cu ildə ölkədə 2 milyon 150 min ton buğda istehsal olunduğu halda, cari ildə bu rəqəm 1 milyon 580 min tona enib. Təbii ki, istehsalın azalması bazarda məhsul qıtlığını yaradır və nəticə etibarilə qiymət artımına səbəb olur.
Bununla yanaşı, yumurtanın qiymətindəki artım təkcə iqtisadi səbəblərlə deyil, həm də süni bazar manipulyasiyaları ilə əlaqədardır. Məsələn, bəzi sahibkarlar kənd təsərrüfatı istehsalçılarından yumurtanı 35 qəpiyə aldıqları halda, marketlərdə 45–50 qəpiyə satırlar. Bu isə süni qiymət fərqi yaradır və bazarda real iqtisadi tarazlığı pozur.
Digər tərəfdən, hava şəraiti də istehsala təsir göstərən amillərdəndir. Məsələn, yay mövsümündə havaların kəskin istiləşməsi zamanı toyuqlar açıq həyətə buraxılmır, yemlənmə prosesi zəifləyir və nəticədə məhsuldarlıq azalır. Bu da bazarda yumurta qıtlığına və qiymətlərin bir anda 25 qəpikdən 35 qəpiyə qalxmasına gətirib çıxarır.
Ümumilikdə, Azərbaycanda yumurta və quş əti bazarındakı qiymət dəyişiklikləri həm təbii iqtisadi mexanizmlərin, həm də sahibkarların mənfəət yönümlü davranışlarının nəticəsidir. Mövcud vəziyyət göstərir ki, bu sahədə nəzarət mexanizmlərinin gücləndirilməsinə, məhsul istehsalının dəstəklənməsinə və bazarda süni qiymət artımlarının qarşısının alınmasına ciddi ehtiyac var”.
