Son 6 ildə qeyri-neft-qaz özəl sektorunda gündəlik 200 yeni iş yeri yaradılıb

1 yanvar 2019-cu ildən 1 noyabr 2025-ci ilədək, qeyri-neft-qaz özəl sektorda, gündəlik orta hesabla 200-ə yaxın yeni iş yerinin yaradılması qeydə alınıb.
Operativ Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.
"Razılaşaq ki, hər təqvim günü 200 iş yerinin yaranması ölkəmiz üçün çox böyük iqtisadi nəticədir. Əmək haqqı islahatı əmək bazarında böyük şəffaflaşma effekti yaradıb. Belə ki, qeyri-neft-qaz özəl sektorda 8 000 manata qədər əmək haqlarından gəlir vergisindən azad olunması nəticəsində, 1 yanvar 2019-cu ildən 1 noyabr 2025-ci ilədək, qeyri-neft-qaz özəl sektorda əmək müqavilələrinin sayı 481 min artaraq 1 milyonu ötüb, sektorun cəmi əmək müqavilələrində payı 38 %-dən 54 %-ə yüksəlib", - deyə o qeyd edib