Menyu

Hepatit B tam sağalırmı? - Həkim danışır

Ayşən Sadıxzadə
Hepatit B tam sağalırmı? - Həkim danışır

"Hepatit B virusu (HBV) qaraciyərə təsir edən ən yayılmış xroniki infeksiyalardan biridir və xəstəlik bəzi hallarda tam sağalmaya bilir. Virusla yoluxan insanların yalnız çox kiçik bir hissəsi-təxminən 1-2 faizi immun sisteminin güclü və adekvat cavabı nəticəsində virusu tam şəkildə orqanizmdən təmizləyə bilir. Bu proses bir sıra amillərdən, xüsusilə də insanın immun sisteminin vəziyyətindən, genetik xüsusiyyətlərindən və yoluxmanın baş verdiyi yaşdan asılıdır".

Bu sözləri Operativ Media-ya açıqlamasında terapevt - hepatoloq Sevinc Abasova deyib. 

Onun sözlərinə görə, klinik təcrübə göstərir ki, hepatit B-yə qarşı istifadə olunan dərmanlar virusu tamamilə yox etmir:

“Müasir antiviral preparatlar yalnız virusun replikasiyasını, yəni çoxalmasını dayandırır və bu yolla qaraciyər toxumasının daha çox zədələnməsinin qarşısını alır. Məqsəd virus yükünü minimal səviyyədə saxlamaq, qaraciyər hüceyrələrinin iltihablanmasını azaltmaq və xəstəliyin ağırlaşmasının qarşısını almaqdır.

Müalicə edilməyən və ya nəzarətsiz qalan hepatit B zamanla qaraciyərdə fibrozun artmasına, toxumanın çapıqlaşmasına və nəticədə sirrozun inkişafına səbəb ola bilər. Sirroz isə qaraciyər çatışmazlığı, portal hipertenziya və hətta qaraciyər xərçəngi (hepatoselulyar karsinoma) kimi həyati təhlükəli fəsadlara yol açır. Dərman müalicəsi bu proseslərin qarşısını almaqda mühüm rol oynayır və xəstənin uzunmüddətli proqnozunu yaxşılaşdırır.

Hepatit B-nin başqa bir təhlükəli tərəfi hepatit D (delta) virusu ilə eyni anda yoluxma riskidir. Hepatit D yalnız HBV fonunda çoxala bildiyi üçün, hepatit B-nin nəzarət altına alınması delta virusunun ağır komplikasiyalar yaratmasının qarşısını almağa kömək edir. Bu baxımdan antiviral müalicə həm də əlavə infeksiyaların qarşısının alınmasında qoruyucu rol oynayır.

Bütün bunlara baxmayaraq, hazırda elə bir dərman mövcud deyil ki, hepatit B virusunu insan orqanizmindən tamamilə təmizləsin və xəstəliyə 100% sağalma təmin etsin. Tədqiqatlar davam etsə də, virusun genetik materialının qaraciyər hüceyrələrinin nüvəsində uzun müddət gizli şəkildə qalması (cCCDNA) hələ də tam müalicənin qarşısında duran əsas maneələrdən biridir.

Bu səbəbdən hepatit B-nin müalicəsi “tam sağaltmaq”dan çox “xəstəliyi nəzarətdə saxlamaq” məqsədi daşıyır. Dərmanlar virus yükünü aşağı səviyyədə saxlayır, qaraciyərin zədələnməsini minimuma endirir və xəstənin həyat keyfiyyətini qorumağa kömək edir. Erkən diaqnoz, davamlı müalicə və həkim nəzarəti uzunmüddətli fəsadların qarşısının alınmasında əsas şərtlərdir”.

Əlaqəli Xəbərlər