Menyu

Azərbaycanın Sülh Şurasına dəvət edilməsi və yer almaq niyyəti ölkəmizin artan çəkisini göstərir - ŞƏRH

Operativ Media
Azərbaycanın Sülh Şurasına dəvət edilməsi və yer almaq niyyəti ölkəmizin artan çəkisini göstərir - ŞƏRH

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə “Sülh Şurası” adlı beynəlxalq təşkilatın yaradılması və Azərbaycanın bu quruma Təsisçi Üzv Dövlət qismində dəvət olunması Prezident İlham Əliyevin prinsipial və ardıcıl sülh gündəliyinin beynəlxalq səviyyədə qəbul olunduğunu göstərən mühüm siyasi hadisədir.

Bu sözləri Operativ Media-ya Milli Məclisin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib.


O bildirib ki, bu dəvət təsadüfi deyil, Azərbaycanın Şanlı Zəfərimizdən sonra regional miqyasda formalaşmış yeni siyasi reallıqlarda konstruktiv, məsuliyyətli və etibarlı aktor kimi çıxış etməsinin nəticəsidir.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa ünvanladığı məktub Azərbaycanın beynəlxalq sülh gündəliyində tutduğu mövqenin və yeni formalaşmaqda olan qlobal siyasi arxitekturada oynamaq istədiyi rolun aydın ifadəsidir. Məktub həmçinin Azərbaycanın prinsipial, balanslı və məsuliyyətli xarici siyasət xəttini əks etdirir.

Deputat vurğulayıb ki, eyni zamanda, məktubda ABŞ Prezidentinin Sülh Şurasının sədri kimi təqdim olunması və onun liderliyinə verilən yüksək qiymət Azərbaycanın yeni siyasi reallıqlarda praqmatik və çevik diplomatiya yürütmək qabiliyyətini göstərir. Bu, Azərbaycanın qlobal güc mərkəzləri ilə əməkdaşlıq və dialoq xəttini seçdiyini bir daha təsdiqləyir. Prezident İlham Əliyevin  məktubu Azərbaycanın sülhü institusional və beynəlxalq mexanizmlər vasitəsilə dəstəkləmək niyyətində olduğunu göstərən mühüm siyasi mesajdır. Bu addım həm də Azərbaycanın yeni dünya nizamında sülh, sabitlik və əməkdaşlıq gündəliyinin formalaşmasına töhfə vermək, tərəfdaş olmaq niyyətinin təzahürüdür.

"Azərbaycan Ermənistanın işğalına son qoymaqla həm də riski idarə etmək və onu resursa çevirmək imkanlarını sübut etdi. Belə ki, 30 il regional təhlükəsizliyə və əməkdaşlığa təhdid olan Ermənistan Azərbaycanın ardıcıl və mərhələli sülh təşəbbüsləri sahəsində tərəfdaş olmaq yolunda addımlayır, ikitərəfli münasibətlər mərhələli şəkildə əməkdaşlıq istiqamətində irəliləyir.

Yeni beynəlxalq siyasi şəraitdə – klassik təhlükəsizlik institutlarının effektivliyinin zəiflədiyi, regional münaqişələrin qlobal təsirlərə çevrildiyi bir dövrdə – alternativ sülh mexanizmlərinə ehtiyac açıq şəkildə hiss olunur. Bu kontekstdə Azərbaycanın Sülh Şurasının təsisçiləri sırasında yer alması ölkəmizin beynəlxalq münasibətlər sistemində artan çəkisini və normayaratma proseslərində iştirak imkanlarını genişləndirir.

Prezident İlham Əliyevin sülh gündəliyi regional kommunikasiyaların açılması, suverenliyin və ərazi bütövlüyünün tanınması, beynəlxalq hüquqa əsaslanan münasibətlər modeli üzərində qurulub. Azərbaycan bu yanaşmanı yalnız bəyanat səviyyəsində deyil, real siyasi və diplomatik addımlarla nümayiş etdirir. Sülh Şurasında təmsilçilik də məhz bu strateji xəttin davamına xidmət etmiş olar.

Azərbaycanın beynəlxalq sülh təşəbbüslərində iştirakı ölkəmizin yeni dünya nizamında passiv müşahidəçi deyil, proseslərə təsir göstərən fəal tərəf olduğunu bir daha təsdiqləyir. Bu addım Prezident Əliyevin liderliyinin beynəlxalq etimad qazandığını, həm də Azərbaycanın sülh, sabitlik və əməkdaşlıq platformalarında milli maraqlarımıza uyğun məsuliyyət götürmək potensialına malik olduğunu göstərir". - R.Nəbiyev qeyd edib.

Əlaqəli Xəbərlər