Menyu

Məktəbli avtobusları üçün xüsusi zolaqlar olacaq?

Ayşən Sadıxzadə
Məktəbli avtobusları üçün xüsusi zolaqlar olacaq?

Bir neçə ay əvvəl istifadəyə verilən “Məktəbli Avtobusları” layihəsi şagirdlərin məktəblərə təhlükəsiz, vaxtında və rahat daşınmasını təmin etmək məqsədi ilə təqdim olunmuşdu. Layihə nəqliyyat sıxlığının azaldılması, valideynlərin gündəlik yükünün yüngülləşdirilməsi və uşaqların yol təhlükəsizliyinin artırılması baxımından müsbət addım kimi dəyərləndirilirdi.

Lakin aradan keçən müddət layihənin real icra mərhələsində bir sıra məsələlərin hələ də açıq qaldığını göstərir. Valideynlərin bir qismi məktəb avtobuslarının vaxtında hərəkət etmədiyini, bəzi yaşayış ərazilərinin isə marşrutlara daxil edilmədiyini bildirir. Eyni zamanda avtobusların sayı, tutumu və hərəkət qrafiki ilə bağlı müxtəlif fikirlər səsləndirilir.

Valideynlər arasında layihəni müsbət qiymətləndirənlər də az deyil. Onların fikrincə, məktəb avtobusları beynəlxalq praktikada özünü doğrultmuş modeldir. Avtobusların texniki vəziyyəti qənaətbəxşdir, xidmət haqqı münasibdir və düzgün təşkil olunduğu halda valideyn–şirkət münasibətlərində qarşılıqlı etimad formalaşa bilər. Bununla belə, sürücülərin məsuliyyətinin artırılması və uşaqlara diqqətin maksimum səviyyədə saxlanılması əsas şərt kimi göstərilir.

Mütəxəssislər vurğulayır ki, layihənin uğurlu olması üçün təkcə avtobusların ayrılması kifayət deyil. Mmarşrutların düzgün planlaşdırılması, nəzarət mexanizmlərinin gücləndirilməsi, hərəkət qrafikinə ciddi əməl olunması, təhlükəsizlik standartlarının tam tətbiqi əsas şərtlərdəndir. 

Operativ Media “İTV Xəbər”ə istinadən xəbər verir ki, layihənin icraçı direktoru Mustafa Hüseynov bildirib ki, layihənin ilk yarımillik nəticələrini ümumilikdə müsbət qiymətləndirmək mümkündür. Bu qənaət həm məktəblərdən, həm də valideynlərdən təhlükəsizlik və rahatlıqla bağlı daxil olan geri dönüşlərə əsaslanır:

“Hazırda layihə çərçivəsində təxminən 200 məktəb avtobusu fəaliyyət göstərir. Paralel olaraq yeni məktəblər layihəyə cəlb olunur, mövcud məktəblər arasında layihənin tanıdılması aparılır”.

Bu isə o deməkdir ki, ilin ikinci yarısında və növbəti tədris ilində layihənin əhatə dairəsinin genişləndirilməsi və avtobus sayının artırılması planlaşdırılır.

Təhsil üzrə ekspert Elmin Nuri isə qeyd edib ki, bu gün ABŞ və Kanadada məktəb avtobusları ən intensiv istifadə olunan nəqliyyat vasitələrindən biridir:

“Gündəlik olaraq təxminən 450 min avtobus 26 milyon şagirdi məktəbə aparıb-gətirir. Bir çox ölkələrdə isə bu sistem yalnız özəl məktəbləri əhatə edir. Azərbaycanda isə layihənin dövlət məktəblərinə şamil edilməsi əhəmiyyətli fərq kimi qiymətləndirilir.

Xüsusilə Bakı şəhərində əhalinin sıxlığı və nəqliyyat yüklənməsi fonunda bu layihənin potensial əhəmiyyəti daha qabarıq görünür”.

Layihə iştirakçıları bildirirlər ki, bu yalnız ilk mərhələdir və zamanla mövcud çatışmazlıqlar aradan qaldırılacaq. Toplanan rəy və təkliflər əsasında marşrut şəbəkəsinin genişləndirilməsi və xidmət keyfiyyətinin artırılması nəzərdə tutulur. 

Məktəb avtobuslarının xüsusi hərəkət zolaqlarından istifadəsi məsələsinə gəldikdə isə AYNA-dan bildirilib ki, hazırda bu zolaqlar əsasən müntəzəm marşrut avtobusları və operativ nəqliyyat vasitələri üçün nəzərdə tutulub. Bu da layihənin vəd etdiyi rahatlıq və təhlükəsizliyin tam təmin olunması üçün icra mexanizmlərinin daha da təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərir.

Əlaqəli Xəbərlər