Prezidentin təhsilə baxışı: gələcək üçün strateji investisiya - ŞƏRH
“Prezidentin yanvarın 5-də səsləndirdiyi fikirlərin təhlili göstərir ki, onun təhsilə yanaşması situativ deyil, uzunmüddətli və sistemli düşüncəyə əsaslanır”.
Bu sözləri Operativ Media-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Elnarə Akimova deyib.
O bildirib ki, Prezident təhsili təkcə sosial sahə kimi deyil, dövlətin strateji resursu kimi qiymətləndirir:
“Bu yanaşma onu göstərir ki, təhsil məsələsi Prezident üçün iqtisadi inkişaf, milli təhlükəsizlik və dövlətin rəqabət qabiliyyəti ilə birbaşa bağlıdır. Yəni burada məqsəd yalnız savadlı fərdlər yetişdirmək deyil, eyni zamanda ölkənin gələcəyini təmin edəcək intellektual baza formalaşdırmaqdır.
Elm və təhsilin birləşdirilməsi ilə bağlı fikirlər Prezidentin islahatçı baxışının əsas elementlərindən biridir. Bu mövqe onu göstərir ki, o, mövcud problemlərin kökünü struktur uyğunsuzluqlarda görür. Elm təhsildən ayrı fəaliyyət göstərdikdə, elmi nəticələr praktikaya keçmir, təhsil isə yeniliklərdən geri qalır. Prezidentin bu məsələyə diqqət çəkməsi faktiki olaraq sovetdən qalma parçalanmış modeldən imtina və daha çevik, müasir idarəetmə modelinə keçidin zəruriliyini ifadə edir. Bu, həm də dövlət resurslarının daha səmərəli istifadəsinə hesablanmış praqmatik yanaşmadır.
Kadr siyasəti ilə bağlı vurğular Prezidentin institusional yaddaşla yanaşı, yenilənməyə verdiyi əhəmiyyəti göstərir. Gənc və müasir düşüncəli kadrların önə çəkilməsi çağırışı dolayısı ilə sistemdə mövcud olan ətalət, formalizm və bəzən məsuliyyətsizlik problemlərinə işarədir. Burada Prezidentin mesajı aydındır: struktur islahatı yalnız ad dəyişiklikləri ilə məhdudlaşmamalı, düşüncə tərzi də dəyişməlidir. Bu isə təhsil sistemində real nəticələrə yönəlmiş idarəetməni ön plana çıxarır.
Müəllim amilinə xüsusi diqqət Prezidentin təhsilin keyfiyyətini insan faktoru ilə əlaqələndirdiyini göstərir. O, açıq şəkildə anlayır ki, ən yaxşı proqramlar belə peşəkar və motivasiyalı müəllim olmadan effektiv ola bilməz. Müəllimlərin sosial təminatının və nüfuzunun artırılması fikri həm də cəmiyyətə mesajdır: təhsil sahəsində çalışan insanlar dövlət üçün prioritetdir. Bu yanaşma uzunmüddətdə gənclərin müəllimlik peşəsinə marağını artırmağa yönəlib.
Gənclərlə bağlı fikirlərin analizi göstərir ki, Prezident təhsili yalnız məktəb və universitet mərhələsi ilə məhdudlaşdırmır. O, təhsili insanın cəmiyyətə aktiv şəkildə inteqrasiya prosesinin əsas hissəsi kimi görür. Xaricdə təhsil almış gənclərin ölkəyə cəlb edilməsi çağırışı beynəlxalq təcrübənin lokallaşdırılması və qlobal biliklərin milli maraqlara uyğun istifadəsi məqsədi daşıyır. Bu, eyni zamanda beyin axınının qarşısını almağa yönəlmiş rasional siyasət kimi qiymətləndirilə bilər.
Nəticə etibarilə, Prezidentin təhsillə bağlı fikirlərini göstərir ki, o, bu sahəni uzunmüddətli dövlət quruculuğunun əsas dayaqlarından biri hesab edir. Onun yanaşması idarəetmə islahatları, insan kapitalının inkişafı və strateji planlaşdırmanın vəhdətinə əsaslanır. Bu baxış təhsili xərclər maddəsi kimi deyil, gələcək üçün investisiya kimi dəyərləndirir və məhz bu yanaşma Prezidentin fikirlərinin ideoloji və praktik mahiyyətini müəyyən edir”.