Magistratura səviyyəsi üzrə sınaq imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il 18 yanvar tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək.
Operativ Media xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
İmtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Mərkəzin Gəncə, Şəki, Şəmkir, Şirvan, Bərdə, Lənkəran, Xaçmaz şəhərlərində yerləşən regional bölmələrinin inzibati binalarında, Naxçıvanda isə 4 saylı orta məktəbdə təşkil olunacaq. İmtahanda iştirak etmək üçün müraciət internet vasitəsilə aparılıb və 493 nəfər qeydiyyatdan keçib.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır. İmtahanda iştirak edəcək bakalavrların nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45-də başa çatacaq. Test tapşırıqlarının cavablandırılmasına 3 saat, xarici dil fənni üzrə essenin yazılmasına isə 30 dəqiqə vaxt ayrılır.
Bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.
İştirakçılar imtahan üçün ayrılan vaxt başa çatdıqda və ya imtahanı yekunlaşdırdıqda nəticələrlə (esse qiymətləri istisna olmaqla) tanış olmaq imkanına malik olacaqlar.