Menyu

Dövlət proqramı ilə xaricdə pulsuz təhsil almaq üçün müraciət qaydaları - İZAH

Ayşən Sadıxzadə
Dövlət proqramı ilə xaricdə pulsuz təhsil almaq üçün müraciət qaydaları - İZAH

Xaricdə təhsilin dövlət tərəfindən maliyyələşdirilməsi Azərbaycanda gənclərin bilik və bacarıqlarının inkişafına yönəlmiş strateji təşəbbüslərdən biridir. 2022–2028-ci illəri əhatə edən dövlət proqramı gənclərə dünyanın aparıcı ali təhsil müəssisələrində ödənişsiz təhsil almaq imkanı yaradır və ölkənin insan kapitalının gücləndirilməsinə xidmət edir.

Təhsil eksperti Ramin Nurəliyev Operativ Media-ya açıqlamasında proqram çərçivəsində mövcud olan qaydalardan danışıb:

“Elm və Təhsil Nazirliyi xarici ali təhsil müəssisələrinin siyahısını rəsmi internet səhifəsində dərc edib. Yəni gənclər istənilən universitetdə deyil, yalnız nazirliyin təsdiqlədiyi siyahıya daxil olan ali təhsil müəssisələrində təhsil aldıqları halda dövlət proqramına müraciət edə bilərlər.

Proses belədir: gənc əvvəlcə həmin siyahıda yer alan ali təhsil müəssisəsindən birbaşa özü qəbul almalıdır. Qəbul əldə edildikdən sonra Elm və Təhsil Nazirliyinin rəsmi saytında dövlət proqramına elektron qaydada müraciət edilir. Daha sonra yaradılmış xüsusi komissiya müraciətlərə baxır və proqram üzrə seçilən namizədlərin adları elan olunur.

Bəs seçim zamanı hansı kateqoriyalar əsas götürülür?

İlk növbədə nazirlik beynəlxalq fənn olimpiadalarında əldə olunmuş nailiyyətlərə xüsusi diqqət yetirir. Bununla yanaşı, IELTS, TOEFL, SAT kimi beynəlxalq imtahanlardan yüksək nəticə göstərən gənclər üstünlük qazanırlar.

Burada vacib bir məqamı xüsusilə vurğulamaq lazımdır. Bəzi gənclər düşünür ki, qeyri-rəsmi beynəlxalq təşkilatlar, özəl qurumlar və ya ödənişli olimpiadalar vasitəsilə əldə edilən sertifikat və nəticələrlə dövlət proqramına müraciət etmək mümkündür. Bu, qətiyyən doğru deyil. Nazirlik tərəfindən yalnız rəsmi və tanınmış beynəlxalq olimpiadalar və imtahan nəticələri qəbul edilir.

Eyni zamanda, universitetdən qəbul aldıqdan sonra beynəlxalq olimpiadalarda hər hansı fənn üzrə qızıl, gümüş və ya bürünc medal qazanmış, eləcə də ESAP layihəsi və digər etibarlı beynəlxalq imtahanlardan yüksək nəticə göstərmiş gənclərə daha çox üstünlük verilir. Yəni hər hansı təşkilatdan alınan nəticə avtomatik olaraq qəbul anlamına gəlmir. Bütün müraciətlər komissiya tərəfindən qiymətləndirilir.

Bununla yanaşı, xaricdə pulsuz təhsil almaq üçün hökmətlərarası təqaüd proqramları da mövcuddur. Bu proqramlar Azərbaycan dövləti ilə digər ölkələr, məsələn, Macarıstan, Çin və digər dövlətlər arasında imzalanmış müqavilələr əsasında həyata keçirilir. Həmin proqramlar çərçivəsində azərbaycanlı gənclər xaricdə, həmin ölkələrin vətəndaşları isə Azərbaycanda müəyyən güzəştlərlə təhsil ala bilirlər.

Burada da əsas şərt ondan ibarətdir ki, elan olunan tarixlərdə müvafiq universitetlərdən mütləq qəbul alınmalı, daha sonra isə proqramlara müraciət edilməlidir. Bəzən gənclər əvvəlcə dövlət proqramına müraciət edib, qəbulun sonradan dövlət tərəfindən təmin olunacağını düşünürlər. Bu, yanlışdır. Əvvəl universitetdən qəbul, sonra dövlət proqramına müraciət prinsipi dəyişməzdir.

Məsələn, namizəd Oksford Universitetindən kompüter elmləri üzrə qəbul alır, SAT və TOEFL kimi imtahan nəticələrinə malik olur, lakin maddi imkanları təhsili qarşılamağa yetmir. Bu halda o, dövlət proqramına müraciət edərək təhsil xərclərinin maliyyələşdirilməsini xahiş edir. Komissiya müraciəti dəyərləndirir və müsbət qərar verildiyi halda nəticələr ictimaiyyətə açıqlanır".

Təhsil eksperti Elçin Süleymanov isə bildirib ki, proqram çərçivəsində bakalavr, həmçinin magistratura və doktorantura səviyyələrində təhsil almaq mümkündür:

"Bakalavr və magistratura pillələri üzrə ixtisaslar hər il ayrıca elan olunur və namizədlər yalnız dövlət proqramında göstərilən konkret ixtisaslar üzrə seçim edərək xarici universitetlərdən qəbul almalıdırlar. Saytda ölkələr, universitetlər və ixtisaslar tam şəkildə açıqlanır.

Eyni zamanda dünyanın ən qabaqcıl TOP-10 universitetlərində, xüsusilə Rusiyada mövcud olmayan ixtisaslara qəbul olunan tələbələrin təhsili də dövlət tərəfindən maliyyələşdirilir. Yəni namizəd hansı ixtisas üzrə qəbul alıbsa, həmin təhsil istiqaməti proqram çərçivəsində dəstəklənir.

Magistratura səviyyəsi üzrə müraciət edənlər üçün əsas tələblərdən biri akademik orta göstəricinin ən azı 80 baldan yuxarı olmasıdır. Bundan əlavə, tədris dili üzrə yetərlilik imtahanı – məsələn, ingilis dili üçün Cambridge, alman dili və digər dillər üzrə isə ekvivalent beynəlxalq sertifikatlar həm bakalavr, həm də magistratura səviyyəsində tələb olunur.

Dövlət proqramı gənclərin təhsili baxımından olduqca mühüm imkandır. Bu il təxminən 500-ə yaxın azərbaycanlı gənc bu proqram vasitəsilə xaricdə aparıcı universitetlərdə təhsil almaq şansı əldə edəcək.

Proqramın müsbət tərəflərindən biri odur ki, seçilən ixtisaslar və universitetlər öz sahələrində ən innovativ və qabaqcıl ali təhsil müəssisələridir. Bu da gənclərin elmə və ixtisaslaşmaya marağını artırır. Digər vacib məqam isə ondan ibarətdir ki, proqram məzunlarının əhəmiyyətli bir hissəsi təhsilini başa vurduqdan sonra ölkəyə qayıdaraq regionlarda və müxtəlif sahələrdə öz bilik və bacarıqlarını tətbiq edir, iqtisadiyyatın və idarəetmənin inkişafına töhfə verir.

Bütün bunlar onu deməyə əsas verir ki, dövlət proqramı gənclərimiz üçün ciddi uğur nümunəsidir və dövlətin təhsilə, insan kapitalının inkişafına verdiyi mühüm töhfələrdən biridir”.

Əlaqəli Xəbərlər