QMİ sədri Abu-Dabidə görüşlər keçirib - FOTOLAR
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində yerləşən Zayed Milli Muzeyində Leyla Əliyevanın, habelə Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyevanın və İnsan Qardaşlığı Mükafatı münsiflər heyətinin digər üzvlərinin iştirakı ilə keçirilən sessiyalarında iştirak edib.
QMİ-nin mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, sessiyalar “Qadın liderliyi insan qardaşlığının möhkəmləndirilməsində əsas amillərdəndir” və “Humanitar fəaliyyətin praktiki siması: Gecikmədən cavab vermək, cəsurca rəhbərlik etmək və təmiz şəkildə icra etmək” mövzularında olub.
Həmçinin bildirilib ki, səfər çərçivəsində şeyxülislam Allahşükür Paşazadə bir sıra ikitərəfli görüşlər keçirib. QMİ sədri Müsəlman Ağsaqqalları Şurasının üzvü qismində həmin şuranın Baş katibi, “Zayed İnsan Qardaşlığı Mükafatı” Təşkilatının Baş Katibi Məhəmməd Əbdülsəlam ilə görüşüb. Tərəflər Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsindən sevinc və qürur duyduqlarını dilə gətiriblər. Şeyxülislam xüsusilə qeyd edib ki, bütün Azərbaycan dindarları adından belə bir mötəbər və tarixi tədbirdə böyük məmnunluqla iştirak edir.
Görüşdə 2026-cı il ərzində Azərbaycanda və xarici ölkələrdə müxtəlif islamdaxili, dinlərarası və mədəniyyətlərarası tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər xüsusilə 2027-ci ildə Azərbaycanda Müsəlman Ağsaqqalları Şurasının növbəti sessiyasının keçirilməsini müzakirə ediblər.