Menyu

Sosial müavinət almaq üçün onlayn müraciət qaydası - İZAH

Ayşən Sadıxzadə
Sosial müavinət almaq üçün onlayn müraciət qaydası - İZAH

“Ünvanlı sosial yardım aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 ay ərzində orta aylıq gəliri hər bir ailə üzvü üçün müəyyən edilmiş ehtiyac meyarının məcmusundan aşağı olan ailələr bu yardımı almaq hüququna malikdirlər”. 

Bu sözləri Operativ Media-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov deyib. 

O bildirib ki, yardımın məbləği ailənin ehtiyac meyarının məcmusu ilə orta aylıq gəliri arasındakı fərq əsasında müəyyən olunur:

Ailə aşağıdakı hallardan biri və ya bir neçəsi mövcud olduqda aztəminatlı hesab edilə bilər:

-Ailə üzvünün əmək qabiliyyətini itirməsi

-Əmək qabiliyyətli ailə üzvünün orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşadək əlilliyi olan şəxsə və ya 8 yaşınadək uşağa qulluq etməsi

-Əmək qabiliyyətli ailə üzvünün 23 yaşadək olub əyani təhsil alması

-Əmək qabiliyyətli ailə üzvünün “İşsizlikdən sığorta haqqında” Qanuna uyğun olaraq işsizlikdən sığorta ödənişi alması

-Ailə üzvünün vəfat etməsi

-Ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və ya ölmüş hesab edilməsi

-Ailə üzvünün azadlıqdan məhrum edilməsi

-Ailə üzvünün olduğu yerin məlum olmaması

2026-cı il üçün ünvanlı sosial yardımın ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq edilmişdir.

Ünvanlı sosial yardımın alınması üçün ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs müraciət edə bilər. Belə şəxs olmadıqda, ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya etibarnamə əsasında səlahiyyət verilmiş şəxs müraciət hüququna malikdir. Bunun üçün yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən ailə tərkibi haqqında arayış alınmalı, ailə üzvlərinin razılığı əsasında notarius tərəfindən təsdiqlənmiş təmsilçilik ərizəsi təqdim edilməlidir.

Növbəti mərhələdə “Ünvanlı yardım” altsisteminə (VEMTAS) daxil olaraq məlumatlar elektron qaydada doldurulur və təsdiq edilir. VEMTAS vasitəsilə “Ərizə-bəyannamə”də göstərilən məlumatlar “Elektron hökumət” portalı üzərindən müvafiq dövlət qurumlarının informasiya sistemləri ilə avtomatik şəkildə yoxlanılır.

Müraciətlər VEMTAS tərəfindən 15 iş günü müddətində araşdırılır və ünvanlı sosial yardımın təyin edilməsi və ya təyin olunmasından imtina barədə qərar qəbul edilir. Sosial yardım müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.

Təmsilçi vəfat etdikdə və ya sosial yardım məbləği ailə tərəfindən ardıcıl olaraq 2 ay ərzində kart hesabından götürülmədikdə, VEMTAS tərəfindən yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır.

Ünvanlı sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, ailə bu barədə 15 iş günü müddətində elektron qaydada VEMTAS-a məlumat verməlidir. Lakin aşağıdakı hallar istisna təşkil edir:

 1. Prezident təqaüdlərinin, sosial müavinətlərin və vahid aylıq müavinətin artırılması

 2. Minimum əməkhaqqının və minimum əmək pensiyasının artırılması, habelə pensiyaların indeksləşdirilməsi

 3. Özünüməşğulluq proqramı çərçivəsində verilmiş əmlak

 4. Əmək müqaviləsi ilə bağlı məlumatlar

 5. Sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması

 6. Ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsinin olması

Ailənin ünvanlı sosial yardım almaq hüququna baxılarkən ailə tərkibi, əmlakı və gəlirləri barədə düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar edilərsə, yaxud “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 10.2-ci maddəsinin tələbləri pozularsa, həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir”.

Əlaqəli Xəbərlər