Menyu

Mənzillərin özəlləşdirilməsi necə həyata keçirilir?

Ayşən Sadıxzadə
Mənzillərin özəlləşdirilməsi necə həyata keçirilir?

“Mənzillərin özəlləşdirilməsi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanuna əsasən, dövlət və ya ictimai mənzil fonduna aid olan, mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlanmış və həmin mənzildə faktiki yaşayan şəxslər yaşadıqları mənzili bu Qanunda nəzərdə tutulan qaydada əvəzsiz olaraq öz mülkiyyətlərinə keçirə bilərlər”.

Bu sözləri Operativ Media-ya açıqlamasında vəkil Əlövsət Allahverdiyev deyib. 

O bildirib ki, özəlləşdirmə prosesi Qanunun 8-ci maddəsi ilə tənzimlənir:

“Həmin maddəyə görə, mənzilin özəlləşdirilməsi zamanı aşağıdakı sənədlər tələb olunur:

-order və ya mənzil kirayə müqaviləsi, yaxud mənzilin verilməsinə dair müvafiq sərəncam;

-mənzilə hüququ olan və sizinlə birgə yaşayan 18 yaşdan yuxarı şəxslərin yazılı razılıq ərizələri (o cümlədən hüququ saxlanılmaqla müvəqqəti başqa yerdə yaşayan şəxslər də daxil olmaqla);

-mənzil istismar idarəsi tərəfindən verilən 2 №-li forma arayış (mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə məlumatları əks etdirən sənəd).

Qanunda xüsusi olaraq vurğulanır ki, bu siyahıda göstərilən sənədlərdən əlavə hər hansı başqa sənəd tələb edilə bilməz. Eyni zamanda, mənzil istismar idarəsi 2 №-li forma arayışını müraciət edildiyi tarixdən etibarən 5 gün müddətindən gec olmayaraq təqdim etməlidir.

Əgər order itirilmiş və ya yararsız hala düşmüşdürsə, müvafiq arxiv arayışı 10 gün müddətindən gec olmayaraq verilməlidir.

Qanunun 9-cu maddəsinə əsasən, səlahiyyətli orqan ərizə daxil olduqdan sonra 10 iş günü ərzində:

-mənzilin şəxsi mülkiyyətə verilməsi üzrə dövlət qeydiyyatını aparır;

-mülkiyyət hüququnun yaranmasını daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirir (ərizəçinin istəyinə uyğun olaraq kağız və ya elektron formada).

Özəlləşdirmədən imtina yalnız saxta sənədlərin təqdim edilməsi və ya mənzilin hüquqi baxımdan mübahisəli olması hallarında mümkündür. İmtina edildiyi halda, bu barədə ərizəçiyə 5 gün müddətində rəsmi bildiriş göndərilməlidir.

Burada bir mühüm məqamı da qeyd etmək lazımdır. Əmlak Məsələləri Dövlət Xidmətinin izahına görə, 1 oktyabr 2009-cu ildən sonra dövlət mənzil fondundan verilmiş yaşayış sahələrinin özəlləşdirilməsi, Qanunda nəzərdə tutulan istisnalar xaric, mümkün deyil.

Praktikada bu proses daşınmaz əmlakın dövlət reyestri üzrə göstərilən xidmətlər çərçivəsində, o cümlədən ASAN xidmət mərkəzləri vasitəsilə həyata keçirilir və mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ərizə əsasında aparılır”.

Əlaqəli Xəbərlər