Onlayn sifariş edilən məhsullar niyə gecikir? - AÇIQLAMA
Son günlər onlayn alış-veriş platformalarından edilən sifarişlərdə müşahidə olunan gecikmələr hələ də davam edir.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən (DGK) Operativ Media-nın sorğusuna cavab olaraq bildirilib ki, buna səbəb son dövrlər bəyan edilməyən bağlamaların sayının artmasıdır:
"Gömrük qanunvericiliyinin tələblərinə əsasən poçt daşıyıcıları vasitəsilə sifariş edilən yüklər də gömrük orqanlarına bəyan edilməlidir. Son dövrlərdə edilən elektron sifarişlərin sayının kəskin artmasına paralel olaraq, bir sıra hallarda düzgün və dəqiq bəyan edilməyən və ya bəyan edilməyən bağlamaların həcminin artdığı müşahidə olunur.
Gömrük orqanları tərəfindən mövcud vəziyyətin tənzimlənməsi və baş verən uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər aparılır. Bu da öz növbəsində bəzi hallarda düzgün və vaxtında bəyan edilən bağlamaların buraxılış prosesinə təsir göstərir.
Sifarişlərin daşınmasını və çatdırılmasını həyata keçirən daşıyıcı operatorlarla qeyd olunan hallar dəqiqləşdirilir və bu növ hallara yol verilməməsi tövsiyə olunur.
Sifariş edən şəxslərdən yaranan halların nəzərə alınması və müvəqqəti xarakter daşıdığının diqqətə alınması xahiş olunur".