Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi 15 fevral 2026-cı il tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) keçirəcək.
Operativ Media xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
İmtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 88 binada təşkil olunacaq.
Bakalavrların imtahan verəcəyi yer onların “Şəxsi kabinet”ində qeyd etdiyi faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
Bildiyiniz kimi, imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanır. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.
İmtahanın müddəti 3 saat 30 dəqiqədir. İmtahan başlanandan 3 saat sonra test tapşırıqlarının cavablandırılması üçün ayrılan vaxt başa çatır və cavab kartları zal nәzarәtçisi tәrәfindәn yığılır. Bundan sonra iştirakçılara xarici dil fənni üzrə yazı işi (esse) vәrәqlәri paylanılır. Esselərin yazılmasına 30 dəqiqə vaxt verilir.
İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunur. Ona görə də optik qurğuların tələblərinə əsasən, cavab kartını qara vә ya tünd göy rәngdә yazan mürәkkәb axıtmayan diyircәkli qәlәmlә, yaxud tünd rəngdə yazan sadә karandaşla doldurmaq lazımdır. Cavablar üçün nəzərdə tutulmuş dairələrin içi göstərilən növ qələmlərlə və ya karandaşla tam qaralanmalıdır. Təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq. Bununla bağlı tövsiyə olunur ki, cavab kartında cavabları tam əmin olduqdan sonra qeyd edin və ya cavab kartında imtahan bitənədək hər hansı düzəliş etmək imkanının olması üçün dairələri karandaşla qaralayın. Cavab kartını zədələmək vә cırmaq olmaz. İmtahan nəticələri ilə əlaqədar apellyasiya müraciətlərinə baxılarkən göstərilən hallarla bağlı hər hansı müraciət qəbul edilməyəcək.
İmtahan iştirakçıları “Yaddaş kitabçası” ilə buradan tanış ola bilərlər.