Menyu

Təhsilə aparan yol fiziki imkanlardan deyil, daxili istəkdən keçir - VİDEO

Operativ Media
Təhsilə aparan yol fiziki imkanlardan deyil, daxili istəkdən keçir - VİDEO

İnklüziv və evdə təhsil alan şagirdlərin hekayələri göstərir ki, təhsilə aparan yol bəzən fiziki imkanlardan deyil, daxili istəkdən keçir. Ömər və Zeynəbin təhsil yolu bu baxımdan diqqət çəkir.

Operativ Media xəbər verir ki, diplegik, spastik serebral iflic diaqnozu olan Ömər İsgəndərli inklüziv sinifdə təhsil alır. Onu bu sinifdə tibbi diaqnozu ilə deyil, sinfin bir üzvü və dost kimi tanıyırlar. Ömər bildirib ki, dərs prosesinə uyğunlaşa bilib.

Ömər İsgəndərli deyib: “Mənim adım Ömər İsgəndərlidir. 15 sentyabrdan burada Ayanın yanında oxuyuram. Dərsi başa düşürəm. Lovğalanmaq olmasın, beynim yaxşıdır.”

O, təkcə sinif yoldaşları ilə deyil, oxuduğu məktəbin bütün kollektivi ilə ünsiyyət qurmağı bacarıb.

Digər şagird, 12 yaşlı Zeynəb Aslanovanın isə təhsil yolu fərqlidir. O, səhhəti ilə bağlı yaranan risklər səbəbindən təhsilini evdə davam etdirir. Zeynəb 247 nömrəli tam orta məktəbin 6B sinfində oxuyur və gələcək planlarından danışarkən xüsusi ilə ingilis dilinə marağını vurğulayıb.

Zeynəb Aslanova bildirib: “Mən Zeynəb Aslanova 247 nömrəli tam orta məktəbin 6B sinifində təhsil alıram. Səhhətimdə olan problemə görə evdə təhsilimə davam edirəm. İngilis dilini çox sevirəm. Özüm də deyirəm ki, ingilis dili müəllimi olacağam. Əməliyyatdan sonra həkim dedi ki, yıxılmaq olmaz. Ona görə evdə təhsil alıram.”

Qeyd edək ki, Zeynəbin beynində aparılan əməliyyat onun həyatını xilas edib. Lakin bir yıxılma və ya ehtiyatsızlıq sağlamlığı üçün ciddi fəsadlara səbəb ola biləcəyi üçün təhsil prosesi ev şəraitində təşkil olunub.

Bu şagirdlərin təhsil yolunda əsas dayaq valideyn dəstəyi, təhsil sisteminin yaratdığı imkanlar və müəllimlərin səbridir. Onların hekayəsi bir daha göstərir ki, inklüziv və evdə təhsil modelləri hər bir uşağın cəmiyyətə inteqrasiyası və inkişafı üçün mühüm rol oynayır.

Əlaqəli Xəbərlər